İsa Qəmbər: “Gəncləri tək qoymayacayıq”

123D18 təşkilatı Azərbaycan parlamentinin 98-ci ildönümü ilə əlaqədar “Cümhuriyyət forumu” keçirdi

Bu gün Müsavat Partiyasının qərargahında Azərbaycanda parlamentin yaranmasının 98-ci ildönümü ilə əlaqədar “Cümhuriyyət forumu” keçirildi. D18 Vətəndaş Hərəkatının təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif təşkilatlarda təmsil olunan fəal gənclər, müsavatçılar və jurnalistlər iştirak edirdi.

Tədbirin aparıcısı, D18 təşkilatının sədri Ruslan İzzətli tədbirin məqsədi barədə danışaraq, hakimiyyətin keçirdiyi son referendumun Azərbaycanda Cümhuriyyət dəyərlərinin məhvinə yönəldiyini vurğuladı, bu dəyərlərinin təbliğinə böyük ehtiyac olduğunu bildirdi.

Daha sonra Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər məruzə ilə çıxış etdi. İsa Qəmbər qeyd etdi ki, Azərbaycanda Cümhiriyyət dəyərlərinin məhvinə doğru addımların atılmasına hələ Rusiyanın bolşevik bayrağı altında Azərbaycanı işğal etməsindən başlanılıb.

Lakin bə dəyərlərin cəmiyyətin qəlbində daim yaşadığını, milli-demokratik qüvvələrin bu dəyərlərə sadiq olduqlarını, 70 illik işğaldan sonra Müstəqillik Haqqında Konstitusiya Aktının qəbul olunduğunu qeyd etdi.

İsa Qəmbər Əliyevlərin hakimiyyəti dövründə Cümhuriyyət dəyərlərinin məhvinə hesablanmış addımların atıldığını bildirdi.

“Cümhuriyyətimiz formal olaraq  qalıb. Gerbimiz, bayrağımız, himnimiz, konstitusiyamız qalıb. Amma bu gün hakimiyyətdə olanlar o dəyərlərə sayqı duymurlar . Bu gün bizim dövlətimizin adı Cümhuriyyət olsa da, bir ailənin müstəmləkəsinə çevrilib”, – İsa Qəmbər bildirdi.

“Bizim cümhuriyyətimizi quranlar prezidentlik iddiasında olmayıblar, onlar parlament tipli respublika ideyasını irəli sürüblər. Cümhuriyyət isə bəşəriyyətin tapdığı ən mükəmməl dövlətçilik növüdür. Mən son illərin araşdırıcılarını da, oxumuşam, onların da fikrincə, ən uğurlu sistem, parlament üsul-idarəsidir. Keçmiş SSRİ məkanında hansı ölkələrdə parlament üsul-idarəsi qurulubsa, onlar inkişaf edib, yaşayış səviyyəsi çox yüksəkdir. Prezident üsul-idarəsi olan ölkələrin də vəziyyəti göz önündədir”, – İsa Qəmbər dedi.

MSDM-in sədri qeyd etdi ki, bu gün Əliyev rejimi insanları susdurmaq, söz, mətbuat, birləşmə, vicdan azadlığını boğmaq yolunu seçib: “Amma mübariz gənclərin, mübarizə insanlarının sayəsində bu dəyərləri və azadlıqları məhv edə bilmirlər”.

“Əliyev rejimi çağdaş dövrdə o qaydalarla ayaqlaşa bilimir, müasir idarəçilik qaydaları tələb olunduğu üçün beynəlxalq aləmlə deyil, Rusiya ilə ayaqlaşmağa çalışır”, – İsa Qəmbər vurğuladı.

İsa Qəmbər qeyd etdi ki, bütün bunlara rəğmən Azərbaycan ciddi dəyişikliklər ərəfəsindədir: “Əminik ki, Azərbaycanda baş verəcək dəyişikliklərin önündə gənclər gedəcək, bizlər də yanınızda olacağıq, sizləri tək qoymayacağıq”.

Daha sonra İsa Qəmbər tədbir iştirakçılarının suallarını cavablandırdı.

Tədbir iştirakçısı Rəşad Babalı “Niyə hakimiyyətdə olduğunuz dövrdə parlament seçkiləri keçirmədiniz ” sulanı verdi. Suala geniş cavab verən verən İsa Qəmbər həmin dövrdə Azərbaycanda bir tərəfdən sistem dəyişikliyinin baş verdiyini, ikinci tərəfdən işğalçı Ermənistanla müharibə aparıldığını və real uğurlar qazanıldığını xatırlatdı.

İsa Qəmbər qeyd etdi ki, o dövrdə Azərbaycanın milli hökumətinə dəstək verməli olan Türkiyə rəsmi Bakıya Rusiya ilə mehriban dolanmağı tövsiyyə edib, ABŞ rəsmiləri isə ölkənin demokratik inkişafı ilə maraqlanmaq əvəzinə Salatın Əsgərovanın qatili olmuş erməni məhbusların taleyi ilə daha çox maraqlanırlarmış.

“Demək asandır, amma qısa müddətdə bunu həyata keçirmək çətindir. Bizm fikrimiz o idi ki, öz mövqeyimizi möhkəmləndirib, sonra seçkilərə başlayaq. Əslində, 1993-ci ilin  payızında parlament seçkisini planlaşdırırdıq. İyun qiyamı bu planı pozdu”, – İsa Qəmbər bildirdi.

Tədbirdə iştirak edən gənclərdən birinin “Heydər Əliyev Qərbə inteqrasiyaya daha çox meylii idi, nəinki İlham Əliyev, bu dəyişiklikdə müxalifətin də rolu olubmu” sualına İsa Qəmbər “yox” cavabını verdi.

“O zaman İlham Əliyevin dövründəki kimi neft pulları yox idi, ferqi şərtləndirən amillərdən biri budur. Heydər Əliyev sovet sistemində özünü təsdiq edən adam idi, İlham Əliyev isə əvvəlcədən özünə inanmır, normal seçki olarsa uduzacağını bildiyi üçün, müxalifəti sıradan çıxartmağa çalışır. İlham Əliyev müxalifətin olmadığını iddia etsə də, buna nail olmaq üçün repressiv metodlara əl atır, yenə də, müxalifəti sıradan çıxarda bilmir”, – İsa Qəmbər bildirdi.

İsa Qəmbər tədbir iştirakçılarının digər suallarına da cavab verdikdən sonra Ruslan İzzətli, bütün iştirakçılara, xüsusən tədbirdə iştirak edən keçmiş siyasi məhbuslar Tofiq Yaqublu, Fərəc Kərimli, Sirac Kərimli, Əvəz Zeynalllıya təşəkkürünü bildirdi.

Könül Alı

Bastainfo.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *