Məhəmməd Azər Aran

azer-aranMəhəmməd Azər Aran 1911-ci ildə Azərbaycanın Qarabağ bölgəsində anadan olub. Atası və bütün qohumları Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycanın istiqlal və hürriyyətə qovuşmasını, Azərbaycan Milli Cumhuriyyətinin qurulmasını istəyən Milli Müsavat Xalq Partiyasına mənsub olub. M. Azər Aran gənc yaşlarından kommunistlərin Azərbaycanda törətdiyi ölümləri, cinayətləri gördüyü üçün mövcud rejimə dərindən nifrət edib.  1920-ci ildə məktəbi bitirdikdən sonra M. Azər Aran Türkiyəyə getmək qərarına gəlir. Sərhədi keçərkən Əli Aran adlı bir riyaziyyat müəllimi ilə tanış olur, birlikdə İrana, oradan isə Türkiyəyə gəlirlər. Azər Aran İstanbulda əsgəri tibb fakültəsini bitirib. İstanbulda olarkən Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə ilə yaxından tanış olub. Sonradan nevrologiya sahəsində ixtisas alaraq mütəxəssis həkim kimi fəaliyyət göstərən, polkovnik rütbəsinə qədər yüksələn Azər Aran Əsgəri xəstəxanalarda Baş həkim olub, sonrakı illərdə öz arzusu ilə təqaüdə çıxıb.
Azər Aran Tibb fakültəsinin üçüncü kursunda oxuyarkən, M. Ə. Rəsulzadə və bir çox siyasi mühacirlər Türkiyədən getmək məcburiyyətində qaldılar. Elə həmin vaxtdan (1931-ci ildən — N.Y.) Azər Aran bir çox dostları ilə Azərbaycan istiqlal davasının fəalları olaraq, ciddi işlər görürlər. Avropadan göndərilən «İstiqlal», «Qurtuluş» kimi mətbuat vasitələrini alıb lazımi ünvanlara çatdırır, milli mətbuata xəbərlər, müxtəlif yazılar hazırlayırlar. Beləliklə, Müsavat Partiyasının və Azərbaycan Milli Mərkəzinin üzvü olurlar. Özü sonradan səmimiyyətlə etiraf edərmiş: «Biz daha gənc olmamış böyük yüklə yükləndik». Azər Aran Sivasda (Türkiyədə şəhər — N. Y.) Əsgəri xəstəxanada Baş həkimlik edərkən, Türkiyə Anıtlar Dərnəyinin də üzvü olub, O, Qazi Bürhanəddinin məzarını tikdirib.
Azər Aran 1949-cu ildən fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin işində də yaxından iştirak edirdi. Ömrünün sonlarında ağır xəstəlik keçirən Azər Aran uzun illər çalışıb işini yürütdüyü Azərbaycan davasının ana Vətən Azərbaycanda qələbəsini gördü. On bir ilə yaxın Başqanı olduğu Milli Müsavat Xalq Partiyasının 1992-ci ildə Azərbaycanda bərpası onu çox sevindirdi. Böyük milli mücahid Azər Aran 1993-cü il aprelin 8-də Ankarada 82 yaşında vəfat edib və «Qarşıyaxa» məzarıstanlığında dəfn edilib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *