Mirzə Bala Məmmədzadə

mirzebalaMirzə Bala Məmmədzadə 1898-ci ildə Abşeronun Zirə kəndində balıqçı ailəsində doğulub. 1907-ci ildə Bakıda yeddinci «Rus-tatar» məktəbinə daxil olub, 1914-cü ildə oranı bitirib. 1918-ci ildə o, Müsavat Partiyasının nəzdində yaranan «Gənclər cəmiyyəti»nin orqanı olan «Gənclər Yurdu»nun redaktorlarından biri idi. Məmmədzadə Azərbaycan Parlamentində stenoqrafçı iləyib, 1919-cu ildə Müsavatın ikinci qurultayında Partiyanın Bakı Komitəsinin üzvü seçilib. 1920-ci ilin 27 Aprel işğalından sonra yaradılan «Gizli Müsavat»a rəhbərlik Məmmədzadəyə tapşırılıb. Məmmədzadə istila rejiminə qarşı bütün qüvvəsi ilə mübarizə aparıb, eyni zamanda yaradıcı, elmi axtarışlarını da davam etdirib. 1922-ci ildə Bakıda onun «Azərbaycan türk mətbuatı» adlı kitabı nəşr olunub.
1923-cü ildə Müsavatın gizli nəşr etdiyi «İstiqlal» qəzetinin mətbəəsi aşkarlandıqda M. B. Məmmədzadə bir müddət gizlənib, daha sonra gizli şəkildə İrana keçib.
1927-ci ildə M. B. Məmmədzadə İstanbula köçərək «Azəri Türk», «Odlu Yurd» jurnalları ilə əməkdaşlıq edib. Bu illərdə onun «Azərbaycan misaqi-millisi»; «28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili» və «Ermənilər və İran» kitabları çap olunur. M. B. Məmmədzadə İstanbul Universitetinin hüquq fakültəsini də bitirib.
1931-ci ildə Mirzə Bala Məmmədzadə də Məhəmməd Əmin Rəsulzadə və digər mühacirlərlə birlikdə Türkiyəni tərk edib Polşada yaşamaq məcburiyyətində qalır. 1938-ci ildə M. B. Məmmədzadənin «Milli Azərbaycan Hərəkatı» adlı tarixi kitabı çap olunur.
Məmmədzadə 1954-cü ildə «Amerikan Komitəsi»nin Münhendə açdığı SSRİ-ni Öyrənmə İnstitutunda fəaliyyət göstərir. Burada Elmi Heyət Başqanlığını edən M. B. Məmmədzadə İnstitutun hər il keçirdiyi elmi konfransların əsas təşkilatçılarından idi.
Mirzə Bala Məmmədzadə yazılarını Mirzə Bala Nuhoğlu, A. Kut, M. Məmmədzadə, M. B. Daşdəmir və Əli Kutluk imzaları ilə çap etdirib.
Mirzə Bala Məmmədzadə 1959-cu il martın 8-də İstanbulda vəfat edib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *