Müsavat: “Rusiya-Ermənistan vahid ordusunun yaradılması Azərbaycana təhdiddir”

musavat1-1-1
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumatda bildirilir ki, ilasda əvvəlcə Türkiyədə baş vermiş terror hadisəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görülən işlər və qərarların icrası barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının məlumatı dinlənilib. Təşkilati struktur işləri ilə bağlı Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı məlumat verib. Səbail və Biləsuvar rayon təşkilatlarının Şura iclaslarında müzakirə olunan məsələlər, verilən təkliflər haqqında fikir mübadiləsi aparılıb.

Başqan Arif Hacılı Yaponiya səfirliyinin dəvəti ilə Yaponiyanın dövlət bayramında iştirakı haqqında Divan üzvlərinin məlumatlandırıb.

Daha sonra başqan müavini Tofiq Yaqublu Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Martla keçirdiyi görüş haqqında məlumat verib.

10 Dekabr – Beynəlxalq İnsan Haqları günündə siyasi məhbuslara dəstək aksiyasında iştirak edən başqan müavini Elman Fəttah tədbir haqqında məlumat verib. Divan üzvləri siyasi məhbuslara dəstək məqsədi ilə keçirilən bu tədbiri yüksək qiymətləndirib. Bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Divan toplantısında “NİDA”çı gənc Bayram Məmmədova hökm oxunan məhkəmə iclası haqqında məlumat verilib və geniş müzakirə olunub.

Müsavat Divanı Bayram Məmmədova verilən 10 il həbs cəzasını mübariz gəncliyə qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirib, bu hökmü kəskin şəkildə pisləyib. Qiyas İbrahimli, Bayram Məmmədov və bütün siyasi məhbusların azad olunması tələb edilib.

Həmçinin “21 Azər” Hərəkatının ildönümü xatırlanaraq, bu hadisənin tarixi əhəmiyyəti xüsusi qeyd olunub.

Rusiya və Ermənistanın birgə ordusunun yaradılması istiqamətində qəbul edilən qərarlar geniş müzakirə olunub. Bu ordunun Azərbaycana qarşı olmadığı barədə Rusiya və Ermənistan tərəfinin açıqlamaları əslində məsələnin mahiyyətini gizlətmək cəhdləri kimi qiymətləndirilib. Rusiya-Ermənistan vahid ordusunun yaradılması Azərbaycanın suverenliyinə və milli təhlükəsizliyinə qarşı təhdid kimi dəyərləndirilib. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən belə ordunun yaranmasının qarşısının alınması üçün diplomatik səyləri artırmağı, Azərbaycanın Milli Təhlükəsizliyi haqqında Konsepsiyasında göstərildiyi kimi NATO ilə əməkdaşlığın genişləndirilməsini, bu quruma üzv olmaq istiqamətində səylərin artırılmasını tələb edir.

Müsavat Partiyası həmçinin NATO və Türkiyə hökumətinin Rusiya-Ermənistan ordusunun yaradılmasına münasibət bildirməsinin zəruriliyini bəyan edir.

Divan daha bir neçə məsələ haqqında müzakirə apardıqdan sonra, 27 dekabr saat 16:00-da “Nərgiz mükafatı”nın təqdim olunması, 30 dekabr saat 14:00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarının ziyarət olunması qərarını verib.

Ölkədə ictimai-siyasi vəziyyət geniş müzakirə olunub, müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, yanvar ayının 14-də partiya fəallarının iştirakı ilə Ümumrespublika müşavirəsi keçirilsin.

Bastainfo.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *