Müsavat Partiyası hakimiyyətdən Mehman Qələndərovun ölümünü araşdırıb ictimaiyyətə məlumat verməyi tələb etdi

Müsavat Partiyasının

BƏYANATI

Aprel ayının 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında siyasi məhbus Mehman Qələndərovun intihar etməklə özünü öldürməsi rəsmi olaraq elan edilib. Müsavat Partiyası bir siyasi məhbusun həbsxanada həyatının itirməsini cəmiyyəti sarsıdacaq hadisə hesab edir. İlk gün bu haqda ziddiyyətli məlumatların yayılması, mərhumun tələsik və ictimaiyyətdən gizli dəfn olunması onun intihar etməsinə əsaslı şübhələr yaradır.

Bu ölüm hadisəsi ilə eyni günlərdə 13 saylı cəzaçəkmə müəssisəsində olan gənc “NİDA”çılar – İlkin Rüstəmzadə və Bayram Məmmədovla bağlı xəbərlər də həbsxanalarda siyasi məhbuslara qarşı mənəvi-psixoloji və fiziki təzyiqlərin artdığını, qisasçılıq siyasətinin gücləndiyini göstərir.

İşgəncə faktları ilə əlaqədar artan xəbərlər intihar etdiyi iddia olunan Mehman Qələndərovun da ölümü ilə bağlı şübhələri möhkəmləndirir.

Müsavat Partiyası baş verənləri bütün mənəvi dəyərlərin tapdanması, mənəvi böhranın daha da dərinləşməsinə gətirən hal kimi qiymətləndirir. Bu siyasətin cəmiyyətdə qisasçılıq və nifrət hissinin artmasına, daha ağır nəticələrə gətirib çıxara biləcəyini hakimiyyətin diqqətinə çatdırır.

Müsavat Partiyası hakimiyyətdən siyasi məhbus Mehman Qələndərovun ölümü, eyni zamanda “NİDA”çı siyasi məhbuslar – İlkin Rüstəmzadə və Bayram Məmmədova qarşı işgəncələr barədə yayılan məlumatların dərhal araşdırılıb, ictimaiyyətə məlumat verilməsini tələb edir.

 

01 may 2017-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir