Blog

Müsavat Divanı: «Hakimiyyət ölkəni qarşısı alınması xeyli çətinləşən siyasi böhrana sürükləyir» — 05 iyun 2017-ci il

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı görülən işlər barədə  məlumat verib.

Divan üzvləri — Razim Əmiraslanlı Goranboy və Hacıqabul, Rafiq İsmayıl Sabunçu, Alya Yaqublu Şabran rayonunda keçirilən hesabat-seçki yığıncaqları haqqında məlumat verib.

MSDM-nin mayın 26-da keçirdiyi “Cümhuriyyət: ikinci cəhd” adlı tədbiri barədə məlumat dinlənilib. Divan tədbiri tarixin qiymətləndirilməsi baxımından əhəmiyyətli iş hesab edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ili ilə əlaqədar 28 Mayda Novxanı kəndində M.Ə.Rəsulzadənin abidəsi önündə keçirilən bayram tədbiri haqqında məlumat dinlənilib. Tədbirin təşkilatçılığı, müsavatçıların iştirakının yüksək səviyyədə olması vurğulanıb.

Divan Londonda baş verən terror hadisəsini hiddətlə qınayıb. Baş verən terrorun insani dəyərlərə hücumu kimi qiymətləndirib.

Müstəqil jurnalist Əfqan Muxtarlının Tiflisdə oğurlanaraq uydurma ittihamlarla həbsə salınması məsələsi geniş müzakirə edilib. Müsavat Partiyası başqanının bu məsələ ilə əlaqədar Gürcüstan prezidentinə, ALDE-nin konfransına yazılı müraciəti, eyni zamanda Gürcüstandakı müttəfiq partiyalarla birgə gördüyü işlər Divan tərəfindən Ə. Muxtarlının beynəlxalq miqyasda müdafiəsi baxımından mühüm addımlar kimi qiymətləndirilib. Bundan sonra da Ə. Muxtarlı hadisəsinin xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb. Qazaxda 30 sutka həbs olunan jurnalist Nicat Əmiraslanovun işgəncəyə məruz qoyularaq apellyasiya şikayətindən imtinaya məcbur edilməsi, “Kanal-13” TV-nin həbsdə olan rəhbəri Əziz Orucova qarşı uydurma cinayət işi qaldırılması kəskin şəkildə pislənilib.

Divanda ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri geniş müzakirə edilib. Azərbaycan hakimiyyətinin repressiya siyasətini yenidən gücləndirməsinin ölkənin beynəlxalq imicini daha da korlayacağı faktı və nəticə etibarilə daxili nüfuzunu da tamamilə itirən hakimiyyətin ölkəni qarşısı alınması xeyli çətinləşən siyasi böhrana sürüklədiyi vurğulanıb.

Sonda cari məsələlərə baxılıb.

05 iyun 2017-ci il

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *