İnfoqrafika formasında buradan oxuya bilərsiniz

İsa Qəmbər

İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. Atası Yunis Heydər oğlu Qəmbərov kimya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, keçmiş SSRİ-də tanınmış kimyaçı-alim olub. Anası Tahirə Abbas qızı Qəmbərova kimya elmləri namizədi olub. 1964-74-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb.

Fəal siyasətə 1988-ci ildən qoşulmuşdur.

16 iyul 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü, 1990-1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra isə sədr müavini olmuşdur.

1992-ci ildə Müsavat Partiyasının bərpa mərkəzi yaradılmış və İsa Qəmbər ona rəhbərlik etmişdir. 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilmiş və İsa Qəmbər partiyanın başqanı seçilmişdir.

2003-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Bizim Azərbaycan Blokunun təsisçilərindən biri olmuşdur.

2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində, 2005-ci ilin mart ayında yaradılmış Azadlıq Blokunun yaradıcı üzvlərindən biri olmuşdur. İsa Qəmbər sədri olduğu Müsavat Partiyasının qərarı ilə 9 fevral 2006-cı ildə Azadlıq Blokundan ayrılmışdır.

2010-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində, 8 sentyabr 2010-cu ildə yaradılmış AXCP-Müsavat Blokunun yaradıcılarından biri olmuşdur.

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri olmuşdur.