Kərim Ödər

Azərbaycan mühacirət tarixinin tanınmış simalarından olan Kərim Odər 1901-ci ildə Bakıda doğulub. Atası İbadullah Zeynalzadə, anası Ağabacı xanım olub. Bakı ticarət məktəbini bitirib. O, Azərbaycan Cümhuriyyətinin elan edilməsindən sonra Xariciyyə Nəzarətində işləyib.

Bolşevik işğalından sonra Tiflisə mühacirət edən K.Odər burada iqtisadiyyat üzrə təhsilini tamamlayıb. Gürcüstanın da ələ keçirilməsindən sonra Batuma yola düşüb. Oradan da 10-12 nəfərlik bir dəstə ilə qayıqla Türkiyəyə gedib, bu ölkədən sığınacaq istəyib. Türkiyədə olduğu müddətdə ticarətlə məşğul olan Kərim Odər bu ölkənin vətəndaşlığına qəbul edildikdən sonra dil imtahanı verərək, Osmanlı bankında işə düzəlib. Bu bankda yeddi il işləyən K.Odər müdir müavini vəzifəsinə qədər yüksəlib, daha sonra Mərkəzi Bankda nəzarətçi vəzifəsində çalışıb. Ardınca Ticarət Nazirliyində məruzəçi, İşçi Sığortaları Ümumi Müdirliyində mühasibat müdiri, Sümerbank Ümumi Müdirliyində Bankçılıq və Kredit İşləri müdiri olub, daha sonra bu qurumun müşaviri ikən 1966-cı ildə təqaüdə çıxıb.

K.Odər 1936-cı ildən Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində Fuad Köprülü, Bəkir Sıtkı Baykal, Şinasi Altındağ, Müzəffər Gökər kimi tanınmış şəxslərdən dərs alıb. Rus və fransız dillərini yaxşı, fars, alman və ingilis dillərini orta səviyyədə bilib.

Kərim Odər mühacirətdəki “Müsavat” Partiyasının Məclis Başqanı olub, eyni zamanda, Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb. 1976-cı ildə Azərbaycan Milli Mərkəzinin Başqanı Əbdülvahab Yurdsevərin vəfatından sonra Mərkəz Başqanlığı da Kərim Odərə tapşırılıb.

Kərim bəy 1981-ci ilin 19 noyabrında vəfat edib.