Məhəmməd Əmin Rəsulzadə

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan M.Ə.Rəsuzladə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. XX əsrdə  Azərbaycanda müstəqillik hərəkatının şüarına çevrilmiş məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sözləri böyük Məhəmməd Əminə aiddir.  

Atası Məhəmməd Əmini məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoymuşdu. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrd Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Rəsulzadənin babası Məhəmmədrəsul Rəsulzadənin üç övladı olub: Ələkbər, Əbdüləziz, Dostuxanım. Məhəmmədrəsulun böyük oğlu Ələkbər Məhəmməd Əmin Rəsulzadənin atasıdır. Digər oğlu Əbdüləzizin üç övladı olub – Məhəmmədəli, Ümbülbanu, Ümgülsüm. Məhəmməd Əmin Rəsulzadə Əbdüləzizin – öz əmisinin böyük qızı – Ümbülbanu ilə evlənib. Ümbülbanu xanımın bacısı isə tanınmış şairə Ümgülsümdür ki, onun da həyat yoldaşı yazıçı Seyid Hüseyn olub. Məhəmmədrəsulun qız övladı olan Dostuxanım isə (M.Ə.Rəsulzadənin bibisi) 1930-cu ildə vəfat edib, onun övladı olmayıb. Məhəmmədrəsulun Novxanıdan başqa, həm də Bakıda – indiki “Nizami” metrostansiyasının yerində böyük mülkü olub.

Dövrünün irəli görüşlü şəxsiyyətlərindən biri olan atası din xadimi Axund Hacı Molla Ələkbər Novxanı kəndinin çox tanınmış axundu olub. 1926-cı ildə dünyasını dəyişib. Məzarı Novxanı kənd qəbirstanlığındadır. M.Ə.Rəsulzadənin İstanbulda nəşr etdiyi “Yeni Qafqasiya” jurnalının 1927-ci ildəki sayında onun ölümü haqqında məlumat verilib.

Ulu öndərin anası Zal qızı Ziynət rəhmətə gedib. Analığı Maral xanım Məhəmməd Əminə və bacısı Şəhrəbanı xanıma doğma övladları kimi baxıb. Çox alicənab olan Maral xanım 1929-cu ildə Kərbəla ziyarətinə gedib. 1937-ci ildə Qazaxıstana sürgünə göndərilib və orada vəfat edib.

Şəhrəbanu xanım Məhəmməd Əminin yeganə bacısı olub. Təqiblər və müxtəlif sıxıntılara məruz qalan Şəhrəbanu xanım 1934-cü ildə vəfat edib. Qızı Kübra xanım M.Ə.Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilməyib.

Rəsulzadənin xanımı  Ümbülbanu xanım 1888-ci ildə anadan olub. Bu xanım böyük öndərin əmisi qızı idi. M.Ə.Rəsulzadə onunla 1908-1909-cü illərdə ailə qurub. Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq M.Ə.Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda – sovxozda məskunlaşıblar. Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1939-cu ildə dünyasını dəyişib, elə orada da dəfn edilib. 

Qızı Lətifə M.Ə.Rəsulzadənin ilk övladı və böyük qızı olub. 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını Müsavat Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donaraq ölüblər. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib. 

M.Ə.Rəsulzadənin 1916-cı ildə anadan olmuş  kiçik qızı Xalidə anasının ölümündən sonra Qazaxıstanda – Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.

M.Ə.Rəsulzadənin iki oğul övladı olub. Rəsul və Azər. Oğlu Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı  bağlarında həbs olunaraq 19 yaşında güllələnib.

Kiçik oğlu Azər M.Ə.Rəsulzadə həbsdə olarkən 1920-ci ildə doğulub. M.Ə.Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda-Karaqandada dünyasını dəyişib və Novxanı məzarıstanlığında dəfn edilib.

Nəvəsi Rəis Rəsulzadə Azər bəyin oğludur. 1946-cı ildə sürgündə -Qazaxıstanın Taldı-Kurqan bölgəsində anadan olub, orta təhslini də orada – Karakanda alıb. Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində  dosent olaraq çalışır. 

 Həbs edilən qohumları

1937-ci il hadisələrində M.Ə.Rəsulzadənin nəinki ailəsi, eyni zamanda əksər qohumları da həbs edildi, sürgünə göndərildi. Bacanağı, tanınmış yazıçı Seyid Hüseynə 1937-ci ildə 10 il həbs cəzası verildi, sonradan isə güllələndi. Seyid Hüseynin həyat yoldaşı şairə Ümgülsüm xanım həbs olunaraq 8 il azadlıqdan məhrum edildi, uzaq Mordovaya göndərildi. Övladları Seyid Hüseynin bacısı qızı Səyyarə xanımın himayəsində yaşadı. M.Ə.Rəsulzadənin digər qohumunun – Məhəmməd Əli Rəsuloğlunun da ailəsinin aqibəti acınacaqlı olub. M.Ə.Rəsulzadənin yaxın əqidə dostu olan M.Ə.Rəsuloğlu onun əmisi oğlu və Müsavat Partiyasının qurucusu idi. Özü mühacirətə getdikdən sonra həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgünə göndərdilər.

M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə – Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925-1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.

M.Ə.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb. Vanda xanım 1885-ci ildə Varşavada anadan olub, Varşava Universitetini bitirib. Onun Marşal Pilsudski ilə, eyni zamanda 1930-cu illərdə Polşanın xarici işlər naziri olmuş Beklə qohumluq əlaqəsinin olduğu bildirilir. O, 1974-cü ildə dünyasını dəyişib və Ankara şəhərindəki “Cəbəçi” (Əsri) qəbirstanlığında dəfn edilib. 

Ömrünü Azərbaycanın istiqlalı uğrunda mübarizəyə həsr etmiş böyük öndər Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin paytaxtı Ankarada dünyasını dəyişib.