İnfoqrafika formasında buradan oxuya bilərsiniz

Mirzə Bala Məmmədzadə

Mirzə Bala Məmmədzadə 1898-ci il mayın 24-də Abşeronun Zirə kəndində balıqçı ailəsində anadan olub. Uşaqlığı Bakıda Çəmbərəkənd deyilən yerdə keçmişdir. Burada rus-tatar məktəbində ibtidai təhsil almışdır (1907-1914). Tələbəlik illərində “Nəf eli və yaxud elmin sonu” adlı kitabçasını “Kaspi” mətbəəsində çap etdirmişdir. (1912). “Məhəmmədiyyə” dərnəyində qabaqcıl fikirli ziyalılarla yaxından tanış olması onun dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. Bakı texniki sənaye məktəbində təhsilini davam etdirir. Bu dövrdə “Azərbaycan”, “Gənclik sədası” və s. qəzetlərdə arabir çıxış edir.

Azərbaycanda Xalq Cümhuriyyəti qurulduğu vaxtdan (1918-ci il 28 may) onun möhkəmlənməsi uğrunda mübarizəyə qoşulur. Onun redaktorluğu ilə “Gənclər yurdu” jurnalı (Müsavat Partiyasının nəzdində yaranan “Gənclər cəmiyyəti”nin orqanı) nəşr olunur (1918-ci il 23 iyul). Tbilisidə “İki inqilab arasında” (1918) kitabı kütləvi tirajla buraxılır. Burada 1905-1917-ci illərdə Azərbaycanda mətbuat, maarif, ədəbiyyat, teatr və s. tarixinə ümumi bir nəzər salınmışdır. “Müsavat”ın Bakı komitəsinə üzv seçilir. “Bakı uğrunda mübarizə” pyesi 1919-cu il sentyabrın 16-da Azərbaycan teatr səhnəsində tamaşaya qoyulmuşdur. 1920-ci illərdə Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi, orta məktəblərdə müəllim kimi çalışır, eyni zamanda “Yeni yıldız” jurnalında Azərbaycan tarixi haqqında silsilə məqalələrlə çıxış edir. “Azərbaycan türk mətbuatı” (1922) kitabını nəşr etdirir.
1920-ci ilin aprelində Azərbaycan işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayır. Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə yaranan “Gizli Müsavat” Təşkilatı – Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Yurdsevər, Məmməd Sadıq Quluzadə, Məmməd Həsən Baharlı və Cəfər Cabbarlıdan ibarət ümumi mərkəzi bir heyətlə fəaliyyətə başlayır. Məhəmməd Əmin Rəsulzadənin tövsiyəsi ilə “Gizli Müsavat” Təşkilatına rəhbərlik Mirzə Bala Məmmədzadəyə tapşırılır.  Rus işğalına qarşı Müsavat Partiyasının gizli fəaliyyətə keçmiş “Gizli Müsavat” Təşkilatının tapşırığı ilə mətbəə yaradılır, “İstiqlal” adlı qəzet dərc edilir. “Gizli Müsavat” Təşkilatının Azərbaycanın bütün bölgələrində gizli fəaliyyət göstərməsini aşkar edən bolşeviklər 1923-cü ilin axırlarında “Gizli Müsavat” Təşkilatının “İstiqlal” qəzeti nəşr edilən mətbəəsinin bütün işçilərini həbs edirlər. Bu hadisədən sonra Azərbaycan ziyalıları arasında geniş miqyaslı həbslər  başlayır. Bu aşkarlanmadan sonra həyati təhlükə ilə üz üzə qalan Mirzə Bala Məmmədzadə “Gizli Müsavat” Təşkilatının köməyi ilə gəmi ilə İranın Ənzəli şəhərinə mühacirət edir (1923).  Mirzə Bala Məmmədzadədən sonra 1923-1926-cı illərdə “Gizli Müsavat” Təşkilatının rəhbəri doktor Dadaş Həsənzadə olur. Rus işğalından sonra “Gizli Müsavat” Təşkilatının təşkilatçılığı ilə Azərbaycanda Sovet hakimiyyəti illərində bir sıra silahlı üsyanlar olub.
Daha sonra Mirzə Bala Məmmədzadə İstanbulda məskunlaşır (1927). Burada “Azəri türk”, “Odlu yurd”, “Azərbaycan yurd bilgisi” jurnalları ilə əməkdaşlıq edir. Eyni zamanda İstanbul Universitetinin hüquq fakültəsində təhsilini davam etdirir. 1931-ci ildə Mirzə Bala Məmmədzadə də Məhəmməd Əmin Rəsulzadə və digər mühacirlərlə birlikdə Türkiyəni tərk edib Polşada yaşamaq məcburiyyətində qalır. “İslam ensiklopediyası” və “Türk islam ensiklopediyası” üçün sifarişlə məqalə-oçerklər yazmışdır. Berlində “Milli Azərbaycan hərəkatı” (1938), “Milli Azərbaycan “Müsavat” Xalq Partiyasının tarixi” kitabları nəşr olunmuşdur. M.B.Məmmədzadə 1954-cü ildə “Amerika Komitəsi”nin Münhen şəhərində açdığı “Sovet Birliyini öyrənən institut”da direktor və direktor müavini vəzifəsində çalışır. Burada “Dərgi” məcmuəsində çıxış edir. “Yeni Qafqaziyyə”, “Azəri türk”, “İstiqlal”, “Qurtuluş”, “Azərbaycan yurd bilgisi”, “Milliyyət”, “Kommunizmlə mücadilə”, “Sabah” və s. mühacirətdə çıxan onlarla qəzet və jurnallarda külli miqdarda publisistik məqalələri çap olunmuşdur. Onun məqalələri “Mirzə Bala”, “Nuhoğlu”, “A.Kut”, “M.B.Məmmədzadə”, “M.B.Daşdəmir”, “Əli Kutluq” imzaları ilə çıxmışdır.
Mirzə Bala Məmmədzadə 6 mart 1955-ci ildə Ankarada Məhəmməd Əmin Rəslzadənin vəfatından sonra Müsavat Partiyasının ikinci başqanı seçilir.

1959-cu il martın 8-də İstanbulda qəflətən ürək tutmasından vəfat etmiş, Qaraca Əhməd məzarlığında dəfn olunmuşdur.