Nizamnamə

1. Müsavat Partiyası Azərbaycan Respublikasının Konstitusiyası, Siyasi Partiyalar Haqqında Qanunu, seçki qanunları və qüvvədə olan digər qanunlar çərçivəsində, öz Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərən siyasi partiyadır.

 
2. Müsavat Partiyasının Mərkəzi Qərargahı Bakı şəhərində yerləşir.
 
3. Müsavat Partiyasının adının yazılmasında qısa variant (abbreviatur) yoxdur. Müsavatın emblemində partiyanın adının baş hərfi qoşa dağ (arxadakı – qara, öndəki – mavi rəngdə) siuletində verilib. Siuletin aşağısında “Müsavat” sözü yazılır, yuxarısında, ortadan isə mavi rəngdə səkkiz guşəli ulduz çəkilir. Müsavatın bayrağı mavi rəngdədir, üzərində ağ rəngdə ay və ulduz çəkilmişdir. Bayrağın ölçüləri – 1:2 nisbətindədir.
 
4. Müsavat Partiyasının əsas məqsədi müstəqil, demokratik Azərbaycan dövlətinin formalaşdırılması, onun inkişaf etmiş dövlətlər sırasına çıxması, əhalisinin maddi və mənəvi yüksəlişinin təmin edilməsidir. Müsavatçılığın əsasını dinindən, milliyyətindən, sosial mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının azadlığı və qanun müsaviliyi (bərabərliyi) təşkil edir.
 
5. Partiya Azərbaycan Respublikası Prezidentinin, parlamentinin, bələdiyyələrə və digər seçkili orqanların seçkilərində, Respublikada dövlət və üzünüidarə orqanlarının formalaşdırılmasında demokratik yolla (müstəqil surətdə, başqa partiyalar və təşkilatlar ilə blok və ya ittifaqda) iştirak edir; – qanunverici və icra orqanlarının qanun və qərarlarının hazırlanmasına demokratik yolla təsir göstərir. Partiyanın öz fəaliyyəti haqqında məlumatlar yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, kütləvi informasiya vasitələri təsis etmək, qanunla müəyyən edilən qaydada mitinqlər, nümayişlər, yığıncaqlar, yürüşlər, piketlər və başqa kütləvi tədbirlər keçirmək hüququ vardır.
 
6. Siyasi partiyada üzvlüyü qanunla qadağan edilmiş şəxslər istisna olmaqla milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının hər bir vətəndaşı Müsavat Partiyasının üzvü ola bilər. Partiya öz üzvlərindən qanuna və Nizamnaməyə, etik normalara əməl etməyi, insan haqları və vicdan azadlığına hörmətlə yanaşmağı, üzvlərin hüquq bərabərliyinə riayət olunmasını tələb edir. Partiya assosiasiyalar azadlığı, könüllülük, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri ilə fəaliyyət göstərir.
 
7. Partiya orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün məcburidir.
 
8. Bütün partiya orqanlarına və seçkili vəzifələrə seçkilər və onlardan xaricetmə gizli səsvermə ilə aparılır. Partiyaya qəbul və partiyadan xaricetmə isə açıq səsvermə ilə də aparıla bilər.
 
9. Partiyanın bütün seçkili kollegial orqanlarında yerlərin ən azı 1\4-i qadınlar üçün ayrılır.
 
10. Partiya özəklərinin, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası (Naxçıvan MR) və xüsusi statuslu təşkilatların seçkili orqanları iki il, mərkəzi orqanlar isə dörd il müddətinə seçilir. Xüsusi hallarda rayon (şəhər) təşkilatlarının seçkili orqanlarının səlahiyyət müddəti Divan, özəklərin seçkili orqanlarının səlahiyyət müddəti isə rayon (şəhər) təşkilatı şurası tərəfindən uzadıla bilər. Yeni orqanlar seçilənə və ya onlar haqqında müvafiq yuxarı orqanın qərarı olana qədər əvvəlki seçkili orqanlar səlahiyyətlərini saxlayır. Hər bir partiya orqanı lazım gəldikdə özünün seçdiyi partiya orqanının səlahiyyət müddəti qurtarmamış onun ayrı-ayrı üzvlərinin və ya bütövlükdə orqanın təzədən seçilməsi məsələsini qoya bilər.
 
11. Rayon (şəhər) təşkilatı Nəzarət-Təftiş Komissiyalarının (NTK) üzvləri rayon (şəhər) şurasının üzvü, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) üzvləri isə Məclis üzvü ola bilməz. 
 
12. Partiyanın Başqanı, MNTK sədri, rayon (şəhər), Naxçıvan MR və xüsusi statuslu təşkilatların sədrləri və NTK sədrləri ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.
 
13. Nizamnamədə xüsusi göstərilmiş hallar istisna olunmaqla partiyanın bütün seçkili orqanları, üzvlərinin 1\3-dən çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Seçkili orqanın gündəliyinə təkliflər sadə səs çoxluğu ilə qəbul edilir. Seçkili orqanın üzvlərinin 1\5-nin imzası ilə yazılı müraciət olduqda təklif gündəliyə qəbul edilməlidir.
 
14. Partiyanın təşkilat quruluşu Azərbaycanın inzibati-ərazi bölgüsünə uyğun olaraq yaradılır. Müvafiq qurumların fəaliyyəti bu Nizamnamə və Məclisin qəbul etdiyi əsasnamələrlə tənzimlənir.
 
15. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən rayon (şəhər) təşkilatlarının fəaliyyətini əlaqələndirmək üçün Müsavatın Naxçıvan MR Təşkilatı yaradılır. Naxçıvan MR Təşkilatının fəaliyyəti bu Nizamnamə və Məclis tərəfindən qəbul edilmiş Əsasnamə ilə tənzimlənir. 
 
16. Partiyanın Bakı şəhərində olan rayon təşkilatları Bakı şəhərinin inzibati-ərazi bölgüsünə uyğun olaraq yaradılır. Bütövlükdə Bakı şəhərinə aid olan partiya məsələlərini partiyanın mərkəzi orqanları həll edir.
 
17. Partiya Məclisinin qərarı ilə partiyanın xüsusi statuslu təşkilatları (Müsavatçı Qadınlar Birliyi, Müsavatçı Gənclər Təşkilatı və s.) yaradılır. Xüsusi statuslu təşkilatların fəaliyyəti bu Nizamnamə və Məclis tərəfindən qəbul edilmiş müvafiq əsasnamələrlə tənzimlənir. 
 
1. Partiya üzvləri və təəssübkeşləri
 
1.1. Müsavat Partiyasının Proqramını və Nizamnaməsini qəbul edən 18 yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşı Müsavat Partiyasının üzvü ola bilər.
 
1.2. Partiyanın siyasi xəttini bəyənən hər bir Azərbaycan Respublikası vətəndaşı Müsavat Partiyasının təəssübkeşi sayılır.
 
1.3. Müsavat Partiyasının üzvü eyni zamanda başqa siyasi təşkilatda ola bilməz.
 
1.4. Partiyaya qəbul üçün müraciət edən şəxsin ərizəsi ilə tanışlıq onun yaşadığı, işlədiyi və ya təhsil aldığı ərazidə yerləşən özəklərdə, rayon (şəhər) təşkilatlarının idarə heyətində, şurasında və ya Divanda aparılır. Müvafiq yığıncaq iştirakçılarının 2.3-nin səsini qazanmış şəxs partiyanın üzvü olur. Qəbul özəkdə aparıldıqda qərar bir aydan gec olmayaraq rayon (şəhər) şurasında və ya idarə heyətində təsdiqə çıxarılır. Özəkdə qəbul edilən şəxs ciddi əsas göstərilmədən təsdiq edilməyə bilməz.
 
1.5. Partiyada fəaliyyəti ilə fərqlənən partiya üzvünə onun qeydə alındığı özək, rayon (şəhər) təşkilatının idarə heyəti və şurası, Naxçıvan MR Təşkilatının Məclisi, Partiyanın Məclisi və Divan tərəfindən təşəkkür elan edilə bilər.
 
1.6. Siyasi Partiyalar Haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq siyasi partiyada fəaliyyəti qadağan edilmiş şəxsin bütün seçki, xidmət və ya iş dövründə partiyada üzvlüyü dayandırılır. Həmin şəxs həmin işdən çıxdıqdan sonra partiyadakı fəaliyyətinin bərpası üçün rayon (şəhər) təşkilatı idarə heyətinə ərizə ilə müraciət etməlidir.
1.7. Partiyadan çıxmaq sərbəstdir, bunun üçün partiya özəyinə və ya rayon (şəhər) təşkilatının idarə heyətinə yazılı məlumat vermək və partiya sənədlərini təhvil vermək kifayətdir.
 
1.8. Partiya üzvünün aşağıdakı hüquqları vardır: – partiya seçkili orqanlarına namizəd göstərmək, seçmək və seçilmək; – partiyanın siyasəti və əməli fəaliyyəti məsələlərini partiya yığıncaqlarında, mətbuat səhifələrində azad müzakirə və tənqid etmək, təklif və rəylər vermək; – hər bir partiya orqanını və vəzifəsindən asılı olmayaraq istənilən partiya üzvünü tənqid etmək; – bütün partiya orqanlarına müraciət etmək və cavab tələb etmək; – mənsub olduğu partiya qurumunun bütün tədbirlərində prosesin gedişinə qarışmadan müşahidə etmək və qeydlər aparmaq. Partiya üzvünə partiyadaxili və ictimai müzakirələr zamanı söylədiyi nitqlərə görə intizam tədbiri tətbiq edilə bilməz.
 
1.9. Partiya üzvünün aşağıdakı vəzifələri vardır: – partiyanın Nizamnaməsinə əməl etmək; – partiyanın Proqramında və digər sənədlərində müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsində fəal iştirak etmək; – partiyanın ideologiyasının geniş yayılmasına, əhalinin milli şüurunun inkişafına və ideya-mənəvi yüksəlişinə kömək etmək; – partiyadaxili intizama riayət etmək və partiyadankənar fəaliyyətində partiyanın nüfuzunu qorumaq; – partiya orqanlarının qərarlarını vaxtında yerinə yetirmək; – partiyanın yerli təşkilatlarının birində fəaliyyət göstərmək və üzvlük haqqı vermək. Partiya təəssübkeşləri partiyanın təbliğatında və seçkilərdə partiya namizədinin müdafiəsində könüllü şəkildə iştirak edir.
 
1.10. Nizamnaməni pozan partiya üzvü haqqında onun qeydə alındığı özək, rayon (şəhər) təşkilatının idarə heyəti, şurası və NTK-sı, Naxçıvan MR Təşkilatının Məclisi və NTK-sı, partiyanın Məclisi, Divan və MNTK aşağıdakı intizam tədbirlərindən birini tətbiq edə bilər: – xəbərdarlıq; – töhmət; – partiyadan xaric etmə. Haqqında intizam tədbiri tətbiq ediləcək partiya üzvünə müvafiq iclas barədə əvvəlcədən xəbər verilməlidir. İclas barədə məlumat almış üzv üzrlü səbəb göstərmədən iclasda iştirak etməsə də, intizam tədbiri tətbiq edilə bilər. Üzrlü səbəb olmadan 3 aydan artıq özək və ya rayon (şəhər) təşkilatının idarə heyəti ilə əlaqə saxlamayan partiya üzvünə xəbər vermədən onun haqqında intizam tədbiri tətbiq etmək olar. Özəyin tətbiq etdiyi intizam tədbiri haqqında rayon (şəhər) təşkilatı NTK-na, rayon (şəhər) və ya respublika səviyyəli orqanın tətbiq etdiyi intizam tədbiri haqqında MNTK-ya 1 ay ərzində şikayət verilə bilər. Bu halda NTK (MNTK) intizam tədbiri haqqında qərarı ya təsdiq edir və ya lazımi əsas olmadıqda rədd edir, ya da onu öz üzvünün iştirakı ilə qərar qəbul edilməsi üçün intizam tədbiri tətbiq edən orqanın müzakirəsinə qaytarır. Xəbərdarlıq və ya töhmət alan partiya üzvü partiyada fəaliyyətinə görə təşəkkür alarsa və ya 6 ay ərzində təkrar Nizamnamə pozuntusuna yol verməzsə, intizam tədbiri onun üzərindən götürülmüş hesab edilir. Partiyadan xaric edilmiş şəxs 6 aydan sonra ümumi qaydada partiyaya qəbul üçün təzədən müraciət edə bilər.
 
 
 
1.11. Partiya öz üzvlərinin və təəssübkeşlərinin hüquqlarını müdafiə edir.
 
1.12. Partiya üzvlərinə üzvlük vəsiqəsi verilir.
 
2. Partiyanın özəkləri
 
2.1. Partiyanın özəkləri müvafiq ərazidə fəaliyyət göstərən və ən azı beş partiya üzvünü birləşdirən qurumdur.
 
2.2. Partiyanın özəkləri bir kənddə, qəsəbədə, şəhər məhəlləsində yaşayan, işləyən və ya təhsil alan partiya üzvlərindən ibarət olub rayon (şəhər) şurasının qərarı ilə yaradılır. Şuranın qərarı ilə bir neçə yaxın yaşayış məntəqəsində yaşayan (işləyən) partiya üzvləri bir özəkdə birləşdirilə bilər. Partiyanın xarici ölkədə yaşayan üzvləri, həmin ölkənin qanunlarına zidd deyilsə, Divanın razılığı ilə orada partiyanın özəyini yarada bilərlər.
 
2.3. Özəyin ali orqanı onun iki ayda bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncağıdır. Növbədənkənar yığıncaq özək şurasının (özək sədrinin), özək üzvlərinin 1\3-nin və ya partiyanın rayon (şəhər) təşkilatının orqanlarından birinin təşəbbüsü ilə 3 gün ərzində özək sədri tərəfindən çağırılır.
 
2.4. Özəyin ümumi yığıncağı: – özək sədrini, sədrin müavinini, xəzinədarı və üzvlərinin sayı 20-dən çox olan özəklərdə özək şurasını seçir və onların hesabatını dinləyir; – partiyaya daxil olmaq istəyənlərin ərizəsinə baxır və müvafiq qərar çıxarır; – rayon (şəhər) təşkilatının konfransına nümayəndələr seçir; – məntəqə seçki komissiyasına nümayəndələr barədə rayon (şəhər) şurasına təkliflər verir.
 
2.5. Ümumi yığıncaqlararası dövrdə özəyin fəaliyyətinə özək şurası (kiçik özəklərdə sədr) rəhbərlik edir. Özək şurasının say tərkibi ümumi yığıncaq tərəfindən müəyyən edilir. Özək sədri, sədrin müavini və xəzinədar öz vəzifəsinə görə özək şurasının üzvüdür. Özək sədri öz vəzifəsinə görə rayon (şəhər) şurasının üzvüdür. 
 
2.6. Özək sədri özək şurasının iclasında və ümumi yığıncaqda sədrlik edir, özəyi təmsil edir. Özək sədri olmadıqda onun səlahiyyətlərini sədrin müavini həyata keçirir.
 
2.7. Partiya Nizamnaməsini pozan özək və ya onun seçkili orqanları NTK-nın təqdimatı ilə rayon (şəhər) şurası tərəfindən buraxıla bilər. Bu halda şura özəyin və ya onun orqanının bərpası qaydasını da müəyyən edir. Özək və ya onun seçkili orqanı qərardan narazı qaldıqda 1 ay ərzində MNTK-ya müraciət edə bilər.
 
 
3. Partiyanın rayon (şəhər) təşkilatları
 
3.1. Partiyanın rayon (şəhər) təşkilatı Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünə uyğun olaraq müvafiq rayonun (şəhərin) ərazisindəki partiya özəklərini (partiya üzvlərini) birləşdirən orqandır. Rayon (şəhər) təşkilatı Divanın qərarı ilə müvafiq ərazidə yaşayan (işləyən, təhsil alan) Müsavat Partiyası üzvlərindən yaradılır.
 
3.2. Rayon (şəhər) təşkilatının ali orqanı iki ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqlar (konfranslar). Növbədənkənar yığıncaq (konfrans) təşkilatdakı özəklərin 1\5-nin və ya rayon (şəhər) şurası üzvlərinin 1\3-nin, yaxud rayon (şəhər) NTK-nın və yaxud idarə heyətinin, ya da partiyanın mərkəzi orqanlarından birinin təşəbbüsü ilə 1 ay ərzində rayon (şəhər) şurası tərəfindən çağırılır.
 
3.3. Ümumi yığıncaq yaxud konfrans keçirilməsi məsələsinin həlli, eləcə də konfransa nümayəndəlik norması və onun keçirilmə qaydası Məclis tərəfindən təsdiq edilmiş təlimatla müəyyən edilir. Rayon (şəhər) şurasının qərarı ilə növbədənkənar konfrans əvvəlki konfrans nümayəndələrindən ibarət tərkibdə keçirilə bilər. Yığıncağın (konfransın) sədarəti, katibliyi və b. orqanları yığıncaq (konfrans) tərəfindən açıq səsvermə ilə seçilir.
 
3.4. Ümumi yığıncaq (konfrans): rayon (şəhər) şurasının özək sədri olmayan üzvlərini seçir; rayon (şəhər) təşkilatının sədrini seçir; rayon (şəhər) təşkilatı NTK-sının say tərkibini müəyyən edir və NTK-nı seçir; rayon (şəhər) şurası və NTK-nın hesabatını dinləyir; partiyanın qurultayına nümayəndələr seçir.
 
3.5. Konfranslararası dövrdə partiyanın rayon (şəhər) təşkilatının fəaliyyətinə rayon (şəhər) şurası rəhbərlik edir. Şura konfransın bu Nizamnamədə göstərilən səlahiyyətlərinə aid olan məsələlərdən başqa təşkilatın fəaliyyətinə dair bütün məsələləri həll edir. Rayon (şəhər) şurası özək sədrlərindən və ümumi yığıncaq (konfrans) tərəfindən seçilmiş üzvlərdən ibarətdir. Rayon (şəhər) təşkilatının sədri şuranın üzvüdür.
 
3.6. Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar NTK-nın və ya idarə heyətinin, yaxud şura üzvlərinin 1\3-nin və ya özəklərin 1\5-nin, yaxud da mərkəzi orqanlardan birinin təşəbbüsü ilə 1 həftə ərzində sədr və ya idarə heyəti tərəfindən çağırılır. Şuranın iclaslarına məsələlərin hazırlanmasını idarə heyəti həyata keçirir, iclasları sədr idarə edir.
 
3.7. Rayon (şəhər) şurası: – şuranın üzvlərindən rayon (şəhər) təşkilatının sədr müavinlərini seçir və idarə heyətinin hesabatını dinləyir; – özəklərin yeni seçilən sədrlərinin şura üzvü səlahiyyətlərini təsdiq edir;  – təşkilatın büdcəsini və ştat cədvəlini təsdiq edir; – seçkili orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir; – şura üzvlərinin ümumi sayının yarıdan çoxunun razılığı ilə ciddi Nizamnamə pozuntusuna yol verən şura üzvlərini, o cümlədən, sədri, NTK üzvlərini müvafiq seçkili orqanlardan xaric edir və yığıncağın (konfransın) səlahiyyətinə aid orqanlara müvəqqəti seçkilər keçirir; – qanunçuluğa müvafiq surətdə seçkili dövlət və özünüidarə orqanlarına namizədlər irəli sürür və ya bu barədə partiyanın Məclisinə təkliflər verir; – dairə və məntəqə seçki komissiyalarına nümayəndələr verir və ya bu barədə Məclisə təkliflər verir.
 
3.8. Şura öz səlahiyyətlərinin müəyyən hissəsini idarə heyətinə həvalə edir.
 
3.9. Rayon (şəhər) təşkilatının idarə heyəti sərəncamverici və icraedici orqan olub, Şuranın yığıncaqları arasındakı dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. İdarə heyəti sədr və sədrin müavinlərindən ibarət olur. Müavinlərin sayı partiyanın Məclisi tərəfindən müəyyən edilir və hər bir müavin təşkilatın fəaliyyətinin müəyyən sahəsinə cavabdehdir.
 
3.10. Rayon (şəhər) təşkilatının sədri onu təmsil edir, idarə heyətinin işinə rəhbərlik edir, rayon (şəhər) şurasının iclasını idarə edir, şuranın təsdiq etdiyi ştat cədvəli üzrə işçilər qəbul edir. Sədr öz səlahiyyətlərinin müəyyən hissəsini müavinlərdən birinə verə bilər.
 
3.11. NTK ərizə və şikayətlərə 15 gün ərzində cavab verir. 
 
3.12. NTK öz tərkibindən komissiyanın sədrini seçir. Komissiyanın sədri komissiyanı təmsil edir və onun iclaslarını idarə edir.
 
3.13. Partiya Nizamnaməsini pozan rayon (şəhər) təşkilatı və ya onun seçkili orqanları MNTK-nın təqdimatı ilə Məclis tərəfindən buraxıla bilər. Bu halda Məclis təşkilatın və ya onun orqanının bərpası qaydasını da müəyyən edir.
 
3.14. Partiyanın Proqram və Nizamnamə çərçivəsində rayon (şəhər) təşkilatları fəaliyyət müstəqilliyinə malikdir.
 
4. Partiyanın mərkəzi orqanları
 
4.1. Partiyanın ali orqanı onun Qurultayıdır. Növbəti qurultaylar 4 ildən bir Məclis tərəfindən çağırılır. Növbədənkənar qurultaylar Divanın və ya rayon (şəhər) təşkilatlarının 1\5-nin, yaxud Məclis üzvlərinin 1\3-nin və ya MNTK-nın, ya da partiyanın Başqanının təşəbbüsü ilə Məclisdə qərar qəbul edildikdən sonra çağırılır. Məclisin Fövqəladə Qurultay çağırmaq səlahiyyəti var. Fövqəladə Qurultay 1 ay ərzində partiyanın son qurultayı nümayəndələrindən ibarət tərkibdə çağırılır.
 
4.2. Qurultaya nümayəndəlik norması və onun keçirilmə qaydası Məclis tərəfindən müəyyən edilir.
 
4.3. Qurultay: partiyanın Proqramını və Nizamnaməsini qəbul edir, onlarda dəyişiklik və əlavələr edir; partiyanın fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir; Məclisin rayon (şəhər) təşkilatı sədri olmayan üzvlərini seçir; Partiyanın Başqanını və MNTK-sını seçir; Məclisin, MNTK-nın və partiyanın digər mərkəzi seçkili orqanlarının hesabatını dinləyir; Seçilmiş nümayəndələrin 2\3-nin razılığı ilə partiyanın fəaliyyətinə xitam verir.
 
4.4. Mühüm məsələlərin müzakirəsi və həlli üçün Məclisin qərarı ilə partiyadaxili referendumlar keçirilə bilər. Bu referendumun nəticələri Məclisdə təsdiq olunduqdan sonra referendumun qərarı Qurultayın qərarı səlahiyyətindədir.
 
4.5. Qurultaylararası dövrdə partiyanın bütün fəaliyyətinə Məclis rəhbərlik edir. Məclis partiyanın rayon (şıhır), Naxçıvan MR, Qadınlar, Gənclər və digər xüsusi statuslu təşkilatlarının sədrlərindən, onların sayından çox olmamaqla Qurultay tərəfindən seçilmiş üzvlərdən ibarətdir. Partiyanın Başqanı Məclisin üzvüdür.
 
4.6. Məclis Qurultayın bu Nizamnamədə göstərilən səlahiyyətlərinə aid məsələlərdən başqa partiyanın fəaliyyətinə dair bütün məsələləri həll edir. 
 
4.7. Məclis üç ayda bir dəfədən az olmayaraq Divan tərəfindən çağırılır. Növbədənkənar iclaslar Divanın, MNTK-nın və ya Məclisin sədrinin, yaxud Məclis üzvlərinin 1\5-nin, yaxud da rayon (şəhər) təşkilatlarının 1\10-nin təşəbbüsü ilə 1 həftə ərzində Divan tərəfindən çağırılır.
 
4.8. Məclis: – öz üzvləri arasından Divan üzvlərini, Məclisin sədrini, katibini və komissiya sədrlərini seçir, Başqanın təqdimatı ilə (təqdimat qəbul edilməyibsə, təqdim olunan şəxs həmin vəzifəyə təkrar təqdim olunmamaqla) Başqanın müavinlərini təsdiq edir; – rayon (şəhər) təşkilatlarında yeni seçilən sədrlərin Məclis üzvü səlahiyyətini təsdiq edir; – seçkili mərkəzi orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir; – Qurultayda seçilmiş şəxslər ciddi Nizamnamə pozuntusuna yol verdikdə onları Məclis üzvlərinin ümumi sayının yarıdan çoxunun razılığı ilə müvafiq seçkili orqanlardan xaric edir və Qurultayın səlahiyyətinə aid orqanlara eyni qayda ilə müvəqqəti seçkilər keçirir; – seçkili hakimiyyət orqanlarına namizədlər göstərir; – partiyanın mərkəzi aparatının strukturunu və ştat cədvəlini təsdiq edir; – Məclisin komitə və komissiyalarını yaradır və onlar haqqında əsasnamə qəbul edir. Məclis partiyanın mətbuat orqanlarını və digər kütləvi informasiya vasitələrini təsis edə bilər.
 
 
4.9. Məclis öz səlahiyyətlərinin müəyyən hissəsini Divana həvalə edə bilər.
 
4.10. Məclisin iclasları arasındakı dövrdə partiyanın fəaliyyətinə Divan rəhbərlik edir. Divan partiyanın Başqanından, Məclisin sədrindən və Məclisin müəyyən etdiyi sayda digər üzvlərdən ibarət olub Məclisin müstəsna səlahiyyətlərinə aid məsələlərdən başqa bütün məsələləri həll edir. Divanın iş qaydasını onun özü müəyyən edir.
 
4.11. Partiyanın Başqanı: – partiyanı təmsil edir, onun adından Məclisin razılığı ilə müqavilələr və sazişlər imzalayır; – Divanın və müavinlərin işinə rəhbərlik edir; – Başqan Məclisin növbədənkənar iclaslarını çağırmaq hüququna malikdir; – Başqan öz Məsləhət Şurasını yarada bilər.
 
4.12. Partiyanın Başqanı öz səlahiyyətlərinin müəyyən hissəsini Məclisin sədrinə və ya müavinlərdən birinə verə bilər. Başqan hər hansı səbəbdən öz vəzifəsini icra edə bilmədikdə, onun bütün səlahiyyətlərini Məclisin sədri həyata keçirir.
 
4.13. Partiyanın cari işlərinə rəhbərliyi və qərarların həyata keçirilməsinə nəzarəti Başqanın başçılığı ilə müavinlər həyata keçirir. Müavinlərin hər biri partiyanın fəaliyyətinin müəyyən sahəsinə rəhbərlik edir. Uyğun sahələr Məclis tərəfindən müəyyən edilir.
 
4.14. Məclisin sədri Məclisin və komissiyaların işinə rəhbərlik edir.
 
4.15. MNTK partiyanın seçkili orqanlarının və üzvlərinin fəaliyyətinin Nizamnamə və Proqrama uyğun olmasına, partiya intizamına əməl olunmasına nəzarət edir, şikayətlər əsasında və ya öz təşəbbüsü ilə təftiş və yoxlamalar aparır, aşkar edilən pozuntuları aradan qaldırmaq və günahkar şəxslərə Nizamnamədə nəzərdə tutulmuş qaydada partiya cəzası verilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırır, partiya üzvləri və özəkləri haqqında tədbiri tətbiq edir.
 
4.16. MNTK partiya üzvlərindən və orqanlarından daxil olan ərizə və şikayətlərə 1 ay ərzində cavab verir.
 
4.17. MNTK-nın sədri onun toplantısında seçilir. MNTK-nın sədri onu təmsil edir, iclaslarını idarə edir, MNTK üzvlərinin fəaliyyətini əlaqələndirir. Sədr öz səlahiyyətlərinin müəyyən hissəsini MNTK üzvlərindən birinə verə bilər. 
 
 
 
 
5. Seçkilərə qatılma, hakimiyyət orqanlarında iştirak
 
5.1. Respublika və ya rayon səviyyəli hər hansı hakimiyyət orqanına seçkilərdə partiyanın iştirak qaydası, eləcə də iştirak etməmək haqqında qərar Siyasi Partiyalar Haqqında Qanuna, müvafiq seçki qanununa və bu Nizamnaməyə uyğun olmaq şərti ilə Məclis tərəfindən müəyyən edilir.
 
5.2. Müsavat Partiyasından Azərbaycan Respublikası Prezidentliyinə namizəd partiyanın Məclisində (və ya Məclisin qərarı ilə Qurultayda, yaxud bütün partiya üzvlərinin səsverməsi ilə aparılan ilkin seçkilərdə) müəyyən edilir.
 
5.3. Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Müsavat Partiyası tərəfindən proporsional sistem üzrə namizədlərin siyahısı partiyanın Məclisində (və ya Məclisin qərarı ilə Qurultayda, yaxud bütün partiya üzvlərinin səsverməsi ilə aparılan ilkin seçkilərdə) müəyyən edilir.
 
5.4. Milli Məclisə Müsavat Partiyası tərəfindən birmandatlı seçki dairəsindən namizəd uyğun rayon (şəhər) təşkilatı (təşkilatları) və Divanın təklifi ilə Məclis tərəfindən müəyyən edilir.
 
5.5. Müsavat Partiyasının deputat qrupu qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada, habelə Azərbaycan Respublikası Milli Məclisinin daxili Nizamnaməsinə uyğun olaraq yaradılır. Qrupun fəaliyyəti qanunvericliyin tələbləri və Məclisdə qəbul edilmiş Əsasnamə ilə tənzimlənir.
 
5.6. Bakı şəhəri səviyyəsində hakimiyyət orqanlarına seçkilərdə namizədlər partiyanın Məclisi tərəfindən, Naxçıvan MR səviyyəsində hakimiyyət orqanlarına seçkilərdə namizədlər isə uyğun rayon (şəhər) təşkilatının (təşkilatlarının) təklifi ilə partiyanın Naxçıvan MR Təşkilatının Məclisi tərəfindən müəyyən edilir.
 
5.7. Rayon səviyyəli hakimiyyət orqanlarına seçkilərdə namizədlər uyğun rayon (şəhər) təşkilatının şurasında və ya şuranın qərarı ilə ümumi yığıncaqda (konfransda) müəyyən edilir.
 
6. Partiyanın hüquqi statusu, əmlakı və maliyyə vəsaiti
 
6.1. Müsavat Partiyası hüquqi şəxsdir və bankda hesablaşma hesabı var. Partiya, onun rayon və şəhər təşkilatları möhür və künc ştamplarına malikdir.
 
6.2. Partiyanın öz vəsaiti hesabına əldə etdiyi və ya ona bağışlanan əmlak və partiyanın maliyyə vəsaiti onun mülkiyyətini təşkil edir.
 
6.3. Partiya və onun təşkilatlarının maliyyə vəsaiti partiya üzvlərinin üzvlük haqqından, müxtəlif fiziki və hüquqi şəxslərin qanunla yol verilən ianələrindən və digər qanuni mənbələrdən daxil olan vəsaitdən yaranır.
 
6.4. Partiya üzvü hər ay aylıq gəlirinin (gəliri olmayanlar minimum əmək haqqının) 1%-i miqdarında üzvlük haqqı verir. Partiya özəkləri toplanan üzvlük haqqının 20%-ni özlərində saxlayır, qalanını rayon (şəhər) təşkilatının hesabına keçirir. Rayon (şəhər) təşkilatı isə üzvlük haqqından ona çatan vəsaitin 60%-ni özündə saxlayır, qalanını mərkəzi orqanın hesabına keçirir.
 
6.5. Partiyanın (onun təşkilatlarının) maliyyə vəsaiti Məclis (Şura) tərəfindən təsdiq edilən büdcəyə uyğun xərclənir. Bu barədə Məclisə (Şuraya) vaxtaşırı hesabat verilir.
 
7. Başqa partiyaların Müsavatla birləşməsi, Nizamnamədə dəyişikliklər və Müsavat Partiyasının fəaliyyətinə xitam verilməsi qaydası
 
7.1. Məramı Müsavat Partiyasının məramı ilə ziddiyyət təşkil etməyən hər hansı bir partiya Müsavatla birləşə bilər. Bunun üçün həmin partiyanın ali orqanı Müsavatla birləşmə niyyətində olduğu, Müsavatın Proqram və Nizamnaməsini qəbul etdiyi barədə qərarını Müsavatın Başqanına təqdim edir. Həmin partiyanın Müsavatla birləşməsinə razılıq haqqında qərar Müsavatın Qurultayı və ya Məclisində sadə səs çoxluğu ilə qəbul edilir. Müsavatla birləşmiş partiyanın üzvləri öz ərizələri əsasında Müsavat Partiyasında qeydiyyata götürülürlər.
 
7.2. Partiyanın Nizamnaməsində dəyişikliklər onun Qurultayında iştirak edən nümayəndələrin 2\3-nin razılığı ilə qəbul edilir. 7.3. Partiyanın fəaliyyətinə onun Qurultayında Qurultaya seçilmiş nümayəndələrin 2\3-nin razılığı ilə və ya qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət orqanlarının qərarı ilə xitam verilə bilər. Bu halda partiya mülkiyyətinin taleyi Nizamnamədə nəzərdə tutulan qaydada onun fəaliyyətinə xitam vermiş orqan tərəfindən müəyyən edilir.
 
Bu sənəd Müsavat Partiyasının 08 noyabr 1992-ci il tarixli III (Bərpa) Qurultayında qəbul edilmiş Nizamnaməyə 18-19 noyabr 1995-ci il tarixli IV, 29-31 may 2001-ci il tarixli VI və 29 may 2006-cı il tarixli VII qurultaylarında əlavələr və dəyişikliklər etməklə təsdiq olunmuşdur.