Müsavat Partiyasının Proqramı

 

MÜSAVAT PARTİYASININ PROQRAMI

MÜNDƏRİCAT

 

  1. AZƏRBAYCANIN İSTİQLAL AMALINI GERÇƏKLƏŞDİRƏN MÜSAVAT
  2. MÜSAVATÇILIĞIN TƏ’MƏL PRİNSİPLƏRİ

III. GƏLƏCƏK AZƏRBAYCAN

 

  1. Hüquqi, demokratik dövlət və inkişaf etmiş mülki cəmiyyət
  2. Azərbaycanın dünya birliyində yeri
  3. İnsan haqlarının aliliyi
  4. Milli təsanüd
  5. Azərbaycan xalqının bütövlüyü
  6. Azərbaycanın istiqlal, azadlıq və rifahını tə’min edəcək iqtisadiyyat
  7. Yüksək elmə və mənəvi dəyərlərə malik sağlam genefond, ekologiya.

 

  1. MÜSAVAT VƏ AZƏRBAYCANIN KEÇİD DÖVRÜNÜN PROBLEMLƏRİ
  2. Azərbaycana Ermənistanın təcavüzünün nəticələrinin aradan   qaldırılması
  3. Demokratik dövlət quruculuğu
  4. İnsan haqları
  5. Mə’nəviyyat
  6. İqtisadi islahatlar
  7. Sosial qayğı
  8. Etnik siyasət
  9. Xarici siyasət
  10. Təhsil, elm, mədəniyyət

 

  1. MÜSAVATIN FƏALİYYƏT PRİNSİPLƏRİ VƏ METODLARI

 

“İnsanlara hürriyyət, millətlərə istiqlal”

 

MÜSAVAT PARTİYASININ PROQRAMI

 

 

AZƏRBAYCANIN İSTİQLAL AMALINI GERÇƏKLƏŞDİRƏN MÜSAVAT

 

Azərbaycanın yeni tarixində ilk siyasi təşkilatın yaranması Müsavatın və müsavatçıların adı ilə bağlıdır. Fərdlər arasında hüquqi bərabərlik  prinsipini millətlərarası münasibətlərə də şamil edən sələflərimiz yaratdıqları partiyaya Müsavat adını verdilər, “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarını irəli sürdülər, milli və insan haqları uğrunda çar Rusiyasına qarşı mübarizəyə başladılar.

1911-ci ildə partiya şəklində formalaşmağa başlayan Müsavat çarizmlə mübarizə, inqilab, istiqlal, sovet – bolşevik istilasına qarşı vətəndə və mühacirətdə müqavimət, yeni dirçəliş dövrlərini yaşayaraq,

– ideologiyasını və təşkilatını yaradaraq, milləti bu təşkilat və ideologiya ətrafında birləşdirməyə çalışaraq,

– milli idealı gerçəkləşdirərək,

– 1918-20-ci illərdə milli istiqlal və demokratik hakimiyyət bayrağını yüksəldərək, Azərbaycana müstəqil dövlət həyatı yaşadaraq, onu milli və mədəni bir varlıq kimi dünya millətlərinə tanıdaraq, Azərbaycan problemini beynəlxalq problemlər sırasına çıxararaq,

– Azərbaycanın yenidən işğalına qarşı fədakarlıqla mübarizə apararaq, milli müstəqillik idealını qoruyaraq, milli ideologiyanı inkişaf etdirərək Azərbaycanın boğulmayan yeganə haqq səsi olaraq, milli -demokratik hərəkatın yeni mərhələsinin də ideoloji bazasını təşkil edərək hərəkatda önəmli rol oynamış və əvəzedilməzliyini sübut etmişdir. Ona görə də 80-ci illərin sonu – 90-cı illərin başlanğıcında hərəkatçıların böyük bir təbəqəsi müsavatçılıq prinsiplərini qəbul edərək və partiyanın mühacirətdəki liderləri ilə əlaqə yaradaraq Müsavatın Vətənə qayıdışının əsasını qoydular.

Bu qayıdış 1992-ci ilin noyabrında Müsavatın III (Bərpa) qurultayı ilə başa çatdı.

1992-1993-cü illərdə demokratik hakimiyyətdə təmsil olunan, 1993-cü ilin iyunundan sonra isə müxalifətdə fəaliyyət göstərən Müsavat Partiyası hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq müstəqil, demokratik və bütöv Azərbaycan uğrunda mübarizə aparıb və aparacaq.

Müsavat Partiyası tarixinin qəhrəmanlıqlarla dolu bu dönəmlərində sayagəlməz qurbanlar və şəhidlər verib. Əslində Azərbaycan milli – azadlıq hərəkatı Müsavat hərəkatı olmuşdur. Müsavat onillərlə millətin yeganə partiyası olmuş, müsavatçılıq millətin imanına çevrilmişdir.

Müsavatın tarixi Azərbaycanın müstəqilliyi və demokratiya uğrunda mübarizə tarixidir.

Müsavatçılıq milli mədəniyyətə bağlı, ümumbəşəri dəyərləri mənimsəyən, hürriyyət, cumhuriyyət və istiqlal idealına sadiq  Azərbaycan vətənsevərliyidir.

 

Müsavat Partiyasının ölməz öndəri böyük Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşları zəngin siyasi – ideoloji sərvət yaratmışlar. Bu dəyərli şəxsiyyətlərin tarixi xidmətləri qarşısında baş əyərək, onların yaratdıqları irsi yüksək qiymətləndirərək, Müsavat ənənəsinə sədaqətimizi bildirərək bəyan edirik:

 

– “insanlara hürriyyət, millətlərə istiqlal” şüarını bu gün də mübarizəmiz üçün əsas sayırıq;

 

– siyasi mədəniyyət tariximizdə önəmli və müsbət nəticələr vermiş, Müsavatın xalqımıza bəxş etdiyi bayraqda bütün Azərbaycan üçün rəmzləşmiş, “Türkçülük, İslamçılıq, Müasirlik” şüarına sayğımızı bir daha bildiririk.

 

Müsavat:

 

– Azərbaycanı birlik və bütünlük içində müstəqilliyini, vətəndaşlarının haqlarını qorumağa qadir azad dövlətə çevirməyə çalışanların,

 

– demokratiyanın alternativi olmadığı düşüncəsini daşıyanların,

 

– ölkəni tərəqqi yoluna yönəltməyə qadir olanların,

 

– insan haqları və azadlıqlarının toxunulmazlığına inananların,

 

– cəmiyyətdəki sosial qruplar və zümrələr arasında milli təsanüdün labüdlüyünə iman gətirənlərin,

 

– siyasəti xalqa xidmət sənəti hesab edənlərin,

 

– taleyinin sahibi olmaq istəyənlərin, kənardan əmr almadan öz azadlığından istifadə edənlərin, öz üzərinə məsuliyyət götürənlərin,

 

– yalansız və zorakılıqsız yaşamaq istəyənlərin Partiyasıdır.

Azərbaycan milli tərəqqi yolunda böyük vaxt itirmişdir. Müstəmləkə dövrü Vətənimizi geridə qoymuş, mənəvi dəyərləri aşındırmışdır. Bundan sonra vaxt itirilməməli, Azərbaycan sürətlə inkişaf etməlidir.

 

Bu inkişafı təmin edəcək sınaqdan çıxmış Müsavat Yolu var!

 

Müsavat və müsavatçılıq bu gün – müstəmləkədən müstəqilliyə, totalitarizmdən demokratiyaya, mərkəzləşdirilmiş iqtisadiyyatdan azad bazar iqtisadiyyatına keçid dövründə – həmişəkindən daha artıq gərəkdir.  Müsavatçılıq prinsiplərinə arxalanmayan bir partiyanın Azərbaycanı müstəqil dövlət halında yaşatması və Azərbaycan vətəndaşını məsud etməsi imkan xaricindədir.

 

Müsavat ölkəmizin bütün vətəndaşlarını  müstəqillik və suverenlik, demokratiya və milli dirçəliş ideyaları ətrafında birləşməyə çağırır. Üzləşdiyimiz sınaqlardan yalnız birlikdə çıxa bilərik.

 

 

 

  1. MÜSAVATÇILIĞIN TƏMƏL PRİNSİPLƏRİ

 

Müsavat Partiyası tarixin sınaqlarından şərəflə çıxmış ənənələrinə söykənərək ideologiyasının təməl prinsiplərini bəyan edir:

 

– Hürriyyətçilik – insan haqlarının və azadlıqlarının toxunulmazlığı, plüralizmin və qanunun aliliyinin, təminatıdır;

 

– İstiqlalçılıq – Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmlənməsi və dönməzliyidir;

 

– Millətçilik – millətə sevgi, millət yolunda fədakarlığa hazır olmaq və millətin özünüidarəyə qadir olmasına inamdır;

 

Azərbaycançılıq – müstəqilliyə, unitarlığa və bütövlüyə əsaslanan, hürriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir;

 

– Dövlətçilik – dünya dövlətləri birliyində öz yeri, öz səsi olan demokratik, bütöv və müstəqil, ərazisinin bölünməzliyini və vətəndaşının təhlükəsizliyini təmin etməyə qadir millət iradəsini təmsil edən cumhuriyyətçilikdir;

 

– Ləyaqətçilik – özünün və hər bir insanın ləyaqətinə hörmətdir, vətəndaşlıq mövqeyi, təşəbbüskarlıq və məsuliyyətdir;

 

– Təsanüdçülük – bütün milləti düşünmək, onun maddi və mənəvi birliyini, rifah və səadətini yaratmaqdır, sosial ədalətdir, milli həmrəylikdir, milli birlikdir;

 

– Türkçülük – milli özünüdərketmədir, türk xalqları və dövlətlərinin hərtərəfli yaxınlaşması və əməkdaşlığının təməlidir;

 

– İslamçılıq – milli mənəviyyatın sütunlarından biri kimi cəmiyyətdə dinimizin öz yerini tapmasıdır, bizi İslam dünyası ilə bağlayan ən önəmli körpüdür;

 

– Müasirlik – gəlişmiş siyasi, iqtisadi və sosial sistemləri mənimsəmək, ona yiyələnmək və yüksəltməkdir, dünyanın aparıcı ölkələri ilə çoxyönlü ilişgilərimizin açarıdır.

 

 

 

III. GƏLƏCƏK AZƏRBAYCAN

 

III-1. HÜQUQİ, DEMOKRATİK DÖVLƏT VƏ İNKİŞAF ETMİŞ MÜLKİ CƏMİYYƏT

 

Müsavata görə Azərbaycan istiqlalını yaşatmaq, Azərbaycan vətəndaşını məsud etmək üçün Azərbaycanda hüquqi, demokratik dövlət qurmaq başlıca şərtdir:

 

– bu dövlət Azərbaycanın suverenliyini, onun sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü, insan haqlarını qoryuan və tam təmin edən, qanunun aliliyinə əsaslanan dövlət olmalıdır;

 

– xalqın iradəsinə söykənən dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyətinin tam bölgüsü, onların qarşılıqlı nəzarət və fəaliyyəti zəminində qurulmalıdır;

 

– qanunverici hakimiyyət Azərbaycan respublikasının Milli Məclisi, ali icraedici hakimiyyət respublika prezidenti və məhkəmə hakimiyyəti Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və başqa məhkəmələr tərəfindən həyata keçirilməlidir;

 

– ölkənin dövlət hakimiyyəti və yerli nümayəndəlik orqanları yalnız azad və ədalətli seçkilərlə formalaşmalıdır;

 

– ölkənin və cəmiyyətin idarə olunmasında siyasi partiyaların, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin iştirakı tam tə’min olunmalıdır. Bu qurumlar dövlətin himayəsindən faydalanmalıdır;

 

– qanun hamı üçün bir olmalı, bütün vətəndaşlar, cəmiyyət və hakimiyyətin qanun qarşısında eyni dərəcədə məs’uliyyət daşımalıdır. Çoxluğun qə’bul etdiyi qanun şəxsiyyətin haqlarını pozursa, onun dəyişdirilməsi, ya da ləğv edilməsi ilə bağlı uyğun hüquqi prosedura olmalıdır.

 

III-2. AZƏRBAYCANIN DÜNYA BİRLİYİNDƏ YERİ

 

Müsavat Azərbaycanı qonşuları ilə mehribanlıq şəraitində yaşayan, Avropa Təhlükəsizlik Sistemində olan, planetin bütün ölkələri və xalqları ilə qarşılıqlı  faydalı iqtisadi, mədəni əlaqələri inkişaf etdirən bir ölkə, dünya birliyinin bərabərhüquqlu üzvü kimi görür.

 

Azərbaycan Qərb və Şərqi, Şimal və Cənubu birləşdirən başlıca körpülərdən biri olmalı, siyasi, iqtisadi və mədəni həyatın nüfuzlu regional mərkəzinə çevrilməlidir.

 

 

 

III-3. İNSAN HAQLARININ ALİLİYİ                        

 

Azərbaycan siyasi düşüncə fikri və praktikasına “İnsanlara hürriyyət” prinsipini gətirən Müsavat Partiyası:

 

– azadlığı insan üçün ən ali dəyər sayır;

 

– doğulduğu gündən insanın azadlığını, alınmaz şəxsi və siyasi haqları olduğunu qəbul edir;

– insan haqlarını Azərbaycan vətəndaşları üçün milli birliyin yeni təməli kimi toplumdakı sosial, siyasi, mədəni, etnik və başqa fərq və ziddiyyətləri sahmanlayan başlıca prinsip olaraq qəbul edir;

 

– insan haqlarının qorunmasını beynəlxalq təhlükəsizliyin əsası sayan ATƏT prinsipini qəbul edir;

 

– dövlət və cəmiyyətin maraqları bəhanə edilərək heç bir azadlığın aradan qaldırılması və uzun müddətə məhdudlaşdırılmasını qəbul etmir;

 

– insan haqlarının yalnız müharibə və başqa fövqəladə hadisələr vaxtı, demokratik yolla qəbul edilmiş qanunla müvəqqəti olaraq məhdudlaşdırılmasını mümkün sayır.

 

III-4. MİLLİ TƏSANÜD

 

Müsavat Partiyası hesab edir ki, cəmiyyətin davamlı inkişafını təmin etmək üçün milli birlik və həmrəylik ən zəruri şərtdir. Bu həmrəyliyi Müsavat öz milli təsanüd nəzəriyyəsinə uyğun olaraq qəbul edilən qərarların ayrı-ayrı sosial təbəqənin deyil, bütün vətəndaşların xeyrinə yönəldilməsi, fərdin və cəmiyyətin mənafelərinə uyğunlaşdırılmasında görür. Başqa sözlə, Müsavat müxtəlif insan qrupları və təbəqələrinin mənafelərinin uyğunlaşdırıldığı və müdafiə edildiyi, sosial ədalət prinsipinin hökm sürdüyü harmonik cəmiyyət tərəfdarıdır.

 

Milli həmrəyliyin təminatı eləcə də ictimai və siyasi qüvvələrin əməkdaşlığı və anlaşmaları üçün ortaq məqamların yaradılmasındadır. Bu baxımdan Müsavat bütün ictimai və siyasi qüvvələrin, iqtidarla müxalifətin daimi dialoqu, ümumilli problemlərin birgə müzakirəsi, siyasi mübarizənin qanuni və mədəni qaydalarla aparılması, hər cür zorakılığın hamılıqla pislənməsi və rədd edilməsi tərəfdarıdır.

 

III-5. AZƏRBAYCAN XALQININ BÜTÖVLÜYÜ

 

Müsavat Partiyası hesab edir ki, gələcək dünya düzənində Azərbaycanın öz layiqli yerini tutmasının rəhni Azərbaycan xalqının bütövlüyüdür. Partiya bu məsələyə iki yöndən: birincisi, bütün tarixi və coğrafi Azərbaycan torpaqları hüdudlarında və dünyanın hər yerində yaşayan  azərbaycanlıların taleyi yönündən, ikincisi, Azərbaycan Respublikası hüdudlarında olan reallıqlar yönündən yanaşır.

 

Birinci halda –  bütün tarixi və coğrafi Azərbaycanın mövcud durumu, dünyanın hər hansı yerində yaşayan azərbaycanlıların taleyi baxımından bölünmüş Azərbaycan və bölünmüş Azərbaycan xalqı problemi cəmiyyəti daim düşündürən ən başlıca ümumilli problemlərdəndir.  Bu problemin çözümündə partiya aşağıdakı prinsipləri rəhbər tutur:

 

– Azərbaycanın zor gücünə bölünməsi tarixi ədalətsizlikdir və onun gec-tez birləşəcəyi labüddür;

 

– Dövlət suverenliyi və sərhədlərin zorla dəyişilməzliyi prinsiplərinə sayğı göstərməklə yanaşı hər hansı bir ölkədə olduğu kimi İranda da insan haqları, o sıradan Azərbaycan türklərinin öz milli – mədəni varlığını qorumaq hüquqları müdafiə edilməlidir;

 

– Güney Azərbaycanın taleyini ilk növbədə Güney Azərbaycan Türkləri həll edə bilərlər;

– Etnik və mə’nəvi bütövlüyün saxlanması üçün Azərbaycanın bütün tarixi torpaqları arasında hər cür ilişgilərin genişlənməsi təmin edilməlidir;

 

– Xaricdə yaşayan azərbaycanlılarla Azərbaycan Respublikası arasında ilişgilərin artması və yüksəlməsinə, Azərbaycan Respublikasının dünya azərbaycanlılarının gerçək mədəni-mə’nəvi və siyasi mərkəzinə çevrilməsinə hər cür dəstək verilməlidir.

 

– Azərbaycan dünyada yaşayan hər bir azərbaycanlının vətənidir.

 

İkinci halda –  Azərbaycan Respublikası hüdudlarında olan reallıqlar yönündən Müsavat Partiyası hesab edir ki, gələcək dünya düzənində Azərbaycanın birliyi, bütövlüyü və bölünməzliyi, təhlükəsizliyi, real müstəqilliyi, demokratik və iqtisadi inkişafına təminat verən başlıca məsələlərdən biri etnik siyasətin ədalətli, demokratik prinsiplər əsasında qurulmasıdır. Bu siyasətdə  iki məsələyə ciddi diqqət verilməlidir: birincisi, Azərbaycanın birliyi, bütövlüyü və bölünməzliyi; ikincisi, etnik azlıqların haqlarının tə’mini. Məhz bu iki prinsipin harmoniyası Azərbaycanın bütövlüyünün tə’məlidir.  Müsavat “Azərbaycan xalqı” dedikdə etnik mənşəyi, dili və dinindən asılı olmayaraq təbii-coğrafi, siyasi – iqtisadi və mədəni ortaq tale ilə yaşayan, ölkəsinin həyatına eyni dərəcədə tə’sir göstərməyə qadir olan insanların – ölkənin bütün vətəndaşlarının birliyini nəzərdə tutur.

 

Bu birliyin inkişaf və möhkəmlənməsində Müsavat Partiyası aşağıdakı müddəa və prinsiplərə əsaslanır:

 

– Azərbaycan Respublikası istiqlalını etnik mənşəyi, dili və dinindən asılı olmayaraq bütün vətəndaşlarının azad iradəsi nəticəsində qazanıb, onlar Azərbaycan Respublikasının yaradıcısı və sahibidirlər; etnik, dil, din fərqlərinə baxmayaraq hər bir vətəndaş eyni hüquq və azadlıqlara malikdir, bərabər və tamhüquqludur;

 

– hər hansı zorakı assimlyasiya və etnik separatizm insaniyyətə zidd, milli təhlükəsizliyi, dövlətçiliyi sarsıdan əməl kimi qiymətləndirilməlidir;

 

– Etnik qrupların mədəni muxtariyyəti təmin edilməlidir;

 

– Azərbaycan Respublikası, əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri olan dövlətdir. Ancaq M. Ə. Rəsulzadənin sözləri ilə desək, bu onlara heç bir əlavə imtiyaz vermir, əksinə, milli birliyin qorunmasında türklərin boynuna əlavə məsuliyyət qoyur.

 

III-6. AZƏRBAYCANIN İSTİQLAL, AZADLIQ VƏ RİFAHINI TƏMİN EDƏCƏK İQTİSADİYYAT

 

Müstəqil Azərbaycanda özünün zəngin təbii ehtiyatları və elmi texniki potensialı əsasında dinamik və yüksək səmərəli iqtisadiyyat formalaşır. Bu zaman hər bir vətəndaşa öz əməyindən faydalana bilmək üçün şərait təmin edilir. Müxtəlif mülkiyyət formalarının iqtisadi rəqabəti təmin olunur, xüsusi mülkiyyət və mülkiyyətin başqa formaları qanun qarşısında bərabər tutulur. Təşəbbüskarlıq və sahibkarlığın inkişafına yardım edilir.

 

Azərbaycanın kənd təsərrüfatı istehsalı ölkə əhalisini keyfiyyətli ərzaqla təmin edir, habelə kənara məhsul ixrac edir. Sənayedə ixrac yönümü əsas götürülür. Xammal ixracından yüksək əməktutumlu hazır məhsul ixracına keçilir. Enerji qaynaqlarından bütün Azərbaycan xalqının mənafeyinə istifadə olunur.  Ölkə iqtisadiyyatının açıqlığı və dünya təsərrüfatına səmərəli inteqrasiyası təmin olunur.

 

İqtisadiyyat bütün əhalinin sosial vəziyyətinin yüksəlməsinə xidmət edir. Müstəqil və demokratik Azərbaycanda imkansız olmayacaq, sosial müdafiəyə ehtiyacı olanlar dövlət və cəmiyyətin himayəsini daim hiss edəcəklər.

 

III-7. YÜKSƏK ELMƏ VƏ MƏNƏVİ DƏYƏRLƏRƏ MALİK SAĞLAM GENOFOND, EKOLOGİYA

 

Çağdaş dünyanın təcrübəsi göstərir ki, millətin və cəmiyyətin inkişafının əsası fərdin dövrünün elmi-texnoloji biliklərə və mədəni – mənəvi dəyərlərinə dərindən yiyələnməsi, onu ardıcıl olaraq yüksəltməsidir. Bu tarixi gerçəkliyi dərk edən Müsavat Partiyası bu məqsədə çatmaq üçün əsaslı və qlobal işlər görməyi fəaliyyətinin önəmli yönlərindən sayır.

 

Müsavata görə:

 

– təhsil sistemi azad, doğru düşünən, sağlam qərarlar verən şəxsiyyət, müstəqil fəaliyyətə başlamaq üçün lazımi səviyyədə bilik və bacarıq əldə etmiş, sürətlə inkişaf edən dünyada öz yerini tapmağa qadir vətəndaş yetişdirməlidir. Bunun yeganə yolu istər orta, istərsə də ali təhsil sistemini dövrlərin dəyişən tələbinə uyğun olaraq dünya standartları səviyyəsində yeniləşdirməkdir. Həm də bu zaman milli özəlliklər nəzərə alınmalı və unudulmamalıdır ki, Azərbaycan vətəndaşı haqlarının nədən ibarət olduğunu, onların necə qazanııldığını, necə qorunacağını, cəmiyyət qarşısındakı məsuliyyətini, dövlətin necə idarə edildiyini, cəmiyyətdə hakim normaların necə qorunduğunu, milli iradənin nə olduğunu, vətəndaş və onun iradəsinin mənasının və hüququn üstünlüyünün nə olduğunu bilməli, mənsub olduğu millətin tarixinə, dilinə, ədəbiyyatına bələd olmalı, onlara sahiblik düşüncəsinə yiyələnməlidir;

 

– elmi fəaliyyətin qurulması milli və dünya təcrübəsinin ən optimal variantlarına əsaslanmalıdır, dövlət fundamental elmlər üzrə araşdırmaları bir qayda olaraq maliyyələşdirməli və himayə etməlidir;

 

– Respublika əhalisinə geniş aspektdə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinin bütün prosesi boyu bir-birini qarşılıqlı tamamlayan müstəqil, dövlət, ictimai, özəl ya da qarışıq (məşvərətçi, ekspert, təhsil, nəzarət, tə’limat, idarəedici) strukturlarla tənzim olunan, “sağlam millət uğrunda” şüarına əsaslanan əhalinin sağlamlığının qorunması sistemi fəaliyyət göstərməlidir; Yuxarıda göstərilən sahələrin maliyyələşdirilməsi inkişafda olan dövlətin zəruri qayğısı və qeyri-dövlət strukturlarının gücü,  “əks məsrəf” mexanizminin tətbiqi ilə həyata keçirilir.

 

– Azərbaycan Respublikasında ətraf mühitin təmizliyinə, insanların sağlamlığına yönəlmiş, regional miqyasda bioekoloji tarazlıq yaradılmalı, ekoloji maraqların iqtisadi maraqlardan üstünlüyü tə’min olunmalıdır;

 

– mədəniyyət millətin dəyərlər toplusudur və o, milli dəyərlərin qorunmasında və inkişafında olduğu kimi, beynəlxalq əlaqələrdə yaxınlaşma və təsanüdün yaranmasında da böyük rol oynayır;

 

– millətin sosial və mədəni həyatında önəmli yeri olan ədəbiyyat, musiqi, rəssamlıq, folklor, kino və teatrın azad inkişaf etdirilməsi mədəniyyət anlayışımızın əsasında durur;

– tarixi abidə və əsərlərin qorunması, bərpası tarixi – mədəni mirasımıza sayğının təbii ifadəsidir;

 

– kitabxanalar zənginləşdirilməli, onların texniki təchizatının müasir dünya standartları səviyyəsində olmasına ardıcıl olaraq diqqət yetirilməlidir;

 

– təhsil, elm, səhiyyə və mədəniyyət sahələrində çalışan kadrlara dövlət qayğısı göstərilməlidir;

 

– milli-mənəvi irsin qorunub inkişaf etdirilməsi, cəmiyyətdə demokratik əxlaq normalarının (özünə rəva görmədiyini başqasına etmə) bərqərar olması başlıca vəzifələrdəndir. Məhz əxlaq cəmiyyət həyatını tənzimləyən əsas tə’sisatlardandır;

 

– ictimai əxlaqın qorunmasında ailənin ilkin rolu var, qarşılıqlı sevgi və hörmət əsasında qurulmuş ailə sağlam, demokratik cəmiyyətin rəhnidir;

 

– cəmiyyətin mənəvi dirçəlişində din böyük rol oynayır. Dindən irəli gələn yüksək mə’nəvi tələblər insani münasibətlərin sağlamlaşmasına, həyatımızın mə’nalı yaşanmasına kömək etməlidir;

 

– mədəni və mənəvi irsimizin qaynaq və təmələrindən biri kimi İslam dininin dəyərlərinin öyrənilməsi və təbliği gərəklidir.

 

 

 

 

 

 

 

 

 

 

 

  1. KEÇİD DÖVRÜNÜN PROBLEMLƏRİ

 

Azərbaycan keçid dövrünü yaşayır. Bu dövrün mahiyyəti müstəmləkədən müstəqilliyə, kommunist totalitarizmindən və qapalı cəmiyyətdən plüralist və açıq cəmiyyətə, avtoritarizmdən demokratiyaya, mərkəzləşdirilmiş iqtisadiyyatdan azad bazar iqtisadiyyatına, sosial təbəqələrin qarşıdurmasından onların həmrə’ylik və əməkdaşlığına, müharibədən sülhə keçiddən ibarətdir. Keçid dövrünün başlıca problemləri aşağıdakılardır.

 

IV-1. AZƏRBAYCANA ERMƏNİSTANIN TƏCAVÜZÜNÜN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI

 

Müsavat Partiyası Ermənistanın Azərbaycana ərazi iddiası və təcavüzü nəticəsində yaranmış Qarabağ problemi ilə bağlı aşağıdakı prinsiplərdən çıxış edir:

 

– Azərbaycan Respublikası müstəqil, suveren, unitar dövlətdir, onun ərazi bütövlüyü və sərhədləri toxunulmazdır;

 

– Qarabağda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının mədəni muxtariyyət, yerli özünüidarəetmə və milli azlıqlara beynəlxalq normalarla verilmiş başqa hüquqlarının təminatına zəmanət verilməlidir.

 

Buna nail olmaq üçün:

 

– Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının indiyədək qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsi tələb olunmalıdır;

 

– Azərbaycanın milli mənafeyinə uyğun xarici siyasət formalaşdırılmalı, bu siyasət Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına, təcavüzkara qarşı sanksiyalar tətbiq edilməsinə, işğalın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq tribunalın yaradılmasına, etnik təmizləmə və separatizmin beynəlxalq aləmdə pislənilməsinə, BMT, ATƏT, NATO və bir sıra başqa beynəlxalq təşkilatlarla səmərəli  işin qurulmasına yönəlməlidir. Aparılan danışıqlarda Ermənistandan və Qarabağdan qovulmuş azərbaycanlılara qaçqın statusu verilməsi BMT-dən tələb olunmalı, onların daimi yaşayış yerlərinə qaytarılması başlıca məsələ kimi qoyulmalıdır;

 

– daxili siyasətdə Qarabağ məsələsinin ümumilli problem olduğu önə çəkilməli, dövlətin və xalqın bütün qüvvələri bu məsələnin yoluna qoyulmasına yönəldilməlidir;

 

– ölkənin müdafiəsini tam tə’min edən orduya malik olmaq üçün cəmiyyət fədakarlığa hazır olmalıdır;

 

– yurdundan didərgin düşmüş insanların yaşayış imkanları tə’min edilməli, bu adamlarda yurd düşüncəsinin davamlı olmasına diqqət yetirilməlidir;

 

– Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin, müharibə əlillərinin və iştirakçılarının dövlət tə’minatı gücləndirilməlidir;

 

– işğal olunmuş ərazilərin geri qaytarılmasında dünya azərbaycanlılarının birgə mübarizəsi təşkil olunmalıdır.

 

XX əsrdə ermənilərin Azərbaycanın başına gətirdiyi bəlalar geniş araşdırılmalı, tarixi dərs olaraq xalqın yaddaşına çevrilməlidir.

 

IV-2. DEMOKRATİK DÖVLƏT QURUCULUĞU

 

Müsavat – Müstəqil dövlət quruculuğunu milli yaradıcılığın zirvəsi sayır.  Qurmaq istədiyimiz dövlətdə bütün hüquq normaları demokratik hüquqi sistem quruculuğu sahəsindəki dünya təcrübəsinə uyğunlaşdırılmalıdır. Müsavat bu düşüncədədir ki, indiki Konstitusiya xalqın iradəsini əks etdirən, qurmaq istədiyimiz hüquqi, demokratik dövlətin tələblərinə cavab verə biləcək müddəaların orada əksini tapa bilməsi üçün açıq olmalıdır. Konstitusiya Azərbaycan tərəfindən imzalanmış beynəlxalq sənədlərdə təsbit olunan bütün insan haqları və azadlıqlar toplusunda göstərilənlər yer tutmalıdır. İlk növbədə bu “Şəxsiyyətin Toxunulmazlığı Aktı”na aiddir.

 

Müsavat – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin tam bölgüsünün tərəfdarıdır. İcra hakimiyyətinin bütün başqa hakimiyyət budaqlarını özünə tabe etdiyi indiki vəziyyət bütün siyasi sistemin iflicinə gətirib çıxarmışdır və hüquqi dövlət quruculuğunu mümkünsüz edir.

 

Parlamentin hökumətə nəzarət hüququ olmalıdır. Məhkəmələrin icra hakimiyyətlərindən asılı olmamasına Konstitusiya təminatı verilməlidir.

 

Konstitusiyada respublika hökumətinin və yerli icra hakimiyyətlərinin hüquq və səlahiyyətləri dəqiq göstərilməlidir.

 

Yeni mülkiyyət münasibətlərinə uyğun gələn, insan haqlarının aliliyinə əsaslanan yeni mülki, cinayət və cinayət – prosessual məcəllələrinin qəbul edilməsi zəruridir.

 

Ölkənin dövlət hakimiyyəti və yerli nümayəndəlik orqanlarına azad seçkilər demokratik dövlət quruculuğunun əsasıdır. Ölkənin dinc yolla inkişafını istəyən Müsavat köklü seçki islahatlarının tərəfdarıdır.

 

Müsavatın düşüncəsinə görə:

 

– seçkilərə qatılan bütün partiyaların nümayəndələri seçki komissiyalarında təmsil olunmalıdır;

 

– partiya siyahıları ilə seçilən millət vəkillərinin sayı parlament üzvlərinin ümumi sayının yarısından az olmamalıdır;

 

– seçkilərin baş tutması və seçkilərdə saxtakarlığı minimuma endirmək üçün yetərsay bütün seçicilərin 25%-nə qədər endirilməlidir;

 

– keçid dövründə Azərbaycandakı seçkilər BMT, ATƏT və başqa beynəlxalq və milli demokratik təşkilatlardan gələn müşahidəçilərin birbaşa iştirakı ilə aparılmalıdır.

 

Müsavat demokratik dövlət quruculuğunda məmurların hazırlanması, seçilməsi və yerləşdirilməsinə böyük önəm verir, bu sahədə ayrıca konsepsiya yaradılmasını və bu konsepsiyaya uyğun siyasət yeridilməsini zəruri sayır. Dövlət qulluqçuları haqqında ayrıca qanun olmalıdır.  Bu qanun onların hüquq və vəzifə borclarını elə tənzimləməlidir ki, dövlət aparatında hər cür sabotaja, səriştəsizliyə və rüşvətxorluğa qarşı sipər çəkmək mümkün olsun.

 

Milli təhlükəsizliyə, onun elmi cəhətdən əsaslanmış konsepsiyasına, qanuni bazasının yaradılmasına, strukturlarının formalaşdırılmasına ayrıca diqqət yetirilməlidir.

 

Müsavat Xalqını və torpağını xarici təhlükədən qorumaq üçün qüdrətli və çevik ordu qurulmasının tərəfdarıdır. Azərbaycan respublikasının hərbi siyasəti hər şeydən öncə kompleks hərbi islahata yönəlməlidir. Hərbi islahat parlamentin qəbul etdiyi milli təhlükəsizlik konsepsiyası və hərbi doktrina əsasında həyata keçirilməlidir.

 

Müsavat belə hesab edir ki, özünüidarə mərkəzləşmiş dövlət inzibatçılığından qat-qat səmərəlidir. Dövlət quruculuğunun indiki keçid dövründə mərkəzi hakimiyyət orqanlarının səlahiyyət və məsuliyyəti saxlanmaqla yanaşı onların müəyyən hissəsi tədricən vətəndaşların seçdiyi yerli özünüidarə orqanlarına verilməlidir.

 

Müsavat ölkədə köklü məhkəmə islahatının keçirilməsini gərəkli sayır. Bu islahat insandan tutmuş dövlətədək bütün hüquq subyektlərinin haqlarını qanun qarşısında bərabərləşdirməli, məhkəmə sisteminin icra hakimiyyətindən asılılığına son qoymalı ləğv etməli, onu Mülki nəzarət üçün açıq etməlidir. Məhkəmə hökmlərini demokratik yolla seçilmiş andlı iclasçılar çıxarmalıdırlar.

 

İslah müəssisələrinin rejimi humanistləşdirilməli, bu rejim məhkum olunmuş şəxsin ləyaqətini alçaltmağa yönəlməməli, onun öz cəzasını çəkərək normal həyata qayıtmasına imkan yaratmalıdır.

 

(Müsavat ölkədəki demokratik qurumlara – siyasi partiyalara, müstəqil mətbuata, ictimai təşkilatlara maliyyə yardımı göstərilməsinə, onları dəstəkləyən proqram və hüquqi bazanın yaradılmasına tərəfdardır).

 

Öz xidməti borcunu yerinə yetirən jurnalistlərə hökumətin əlində olan istənilən informasiyanı axtarmaq, almaq və yaymaq hüququ verilməlidir. Bu hüquq qanunvericilikdə əksini tapmalıdır. İnformasiyanın gizliliyi hakimiyyətin istəyi ilə yox, qanunla əsaslandırılmalıdır.

Müsavat hesab edir ki, mətbuata yönəlmiş vergi siyasəti informasiya azadlığını məhdudlaşdırmamalıdır. Dövlət kütləvi informasiya vasitələri, xüsusən də televiziya və radio vergi verənlərin – bütün xalqın mənafeyini ifadə etməlidir. Respublika Konstitusiyasında dövlət informasiya vasitələrinin idarə qaydalarını müəyyənləşdirən ayrıca bölmə olmalıdır.

 

Müsavat səmərəli dövlət idarəçiliyi və milli təhlükəsizlik mexanizmlərinin təşkilinə xüsusi diqqət yetirəcək. Bu prosesdə həm köklü islahatlar keçirən digər ölkələrin, eləcə də 1918-1920-ci illərdə toplanılan dövlət quruculuğu təcrübəsindən faydalanacaq.

 

Müsavata görə dövlətçilik və onun müdafiəsi təkcə dövlətin vəzifəsi deyil, eləcə də cəmiyyətin, bütün demokratik qüvvələrin birbaşa borcudur. Demokratik dövlət quruculuğunda bu qüvvələrin fəal iştirakı təmin olunmalıdır.

 

IV-3. İNSAN HAQLARI

 

Müsavat Partiyası insan haqlarının aliliyi prinsipini fəaliyyətində rəhbər tutur. Biz hesab edirik ki, keçid dövrünün çətinlikləri ölkədə şəxsi və siyasi azadlıqların hər hansı şəkildə sıxışdırılmasına bəraət qazandıra bilməz. Şəxsin azadlığı əqli inkişaf və uğurlu yaradıcılığın təməlidir. Başqa yöndən insan haqlarının qorunması Azərbaycanın demokratik dünyaya qovuşmasında çox önəmlidir. Ona görə də insan haqlarının qorunması təkcə fərdin deyil, millətin və ölkənin inkişafı üçün də zəruri şərtdir.

 

Heç bir ictimai, milli ya da dövlət mənafeyi qanunlarla təsbit olunmuş insan haqlarının pozulmasına bəhanə sayıla bilməz. İnsan haqları yalnız müharibə və təbii fəlakətlər vaxtı müvəqqəti olaraq demokratik yolla qəbul edilmiş qanunlar əsasında məhdudlaşdırıla bilər.  Konstitusiyada əksini tapmış bu müddəaya sözsüz əməl olunmalıdır.

 

Müsavat Azərbaycanda insan haqlarının əsası kimi BMT-nin İnsan Hüquqları Bəyannaməsinə, iqtisadi, sosial və mədəni hüquqlar haqqında pakta, insanların vətəndaş və siyasi hüquqları barədə pakta dönmədən əməl olunmasına tərfdardır. Azərbaycan qanunvericiliyi bütün bu və başqa beynəlxalq sənədlərə uyğunlaşdırılmalıdır.

 

IV-4. MƏNƏVİYYAT

 

Müsavata görə keçid dövründə Azərbaycanın ən böyük problemi mənəviyyat problemidir. Yüksək mənəviyyatlı insan olmadan inkişaf etmiş mülki cəmiyyət, demokratik hüquqi dövlət yaratmaq mümkün deyil. Demokratik hüquq normalarına tə’minat yalnız insanın mə’nəviyyatı, ləyaqəti, məsuliyyəti, yurdsevərliyi, özünün və başqalarının haqqı uğrunda mübarizə əzmində olmasından yarana bilər.

 

Kommunist diktaturasından qalmış miras millətin dirçəlişi yolunda başlıca əngəldir. Öz qüvvəsinə inamsızlıq, halalla harama fərq qoyulmaması, yalan və yaltaqlıq, rüşvət və zorakılığa, yerlibazlıq və tayfabazlığa bəraət qazandırılması kimi mənfi keyfiyyətlər cəmiyyətdə kök salıb. Müsavat şəxsiyyətə pərəstişi keçmişin qalığı, demokratik cəmiyyətə uyğun olmayan hal sayır.

 

İnsanı və cəmiyyəti yeniləşdirmək uzun və çətin işdir. Ancaq Müsavatın düşüncəsinə görə millətin özgə yolu yoxdur. Vətənimizin çiçəklənməsi məhz mə’nəvi oyanış, haqqa və ədalətə hörmət, yüksək vətəndaş fəallığı, insanların öz taleyi və vətənin taleyinə sahib çıxması ilə mümkün olacaq.

 

Müsavat Partiyası 1992-ci ildə Milli Məclisin qərarı ilə bərpa olunmuş ana dilimiz türk dilinin adının sonradan ləğv edilməsinin elmi və tarixi əsası olmayan qərar sayır.

 

Müsavat mənəviyyatın əsaslarından biri kimi dinin cəmiyyətdə rolunun bərqərar olmasını gərəkli sayır.

 

Dövlət qanun çərçivəsində çalışan dini qurumların fəaliyyətinə qarışmamalıdır. İnsanların vicdan və inam azadlıqlarını pozmağa nə dövlətin, nə də dini icmaların haqqı çatır. Hər hansı dini ibadətin icrası könüllü olmalıdır. Dindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməməli, bunun üçün dövlət hüquqi əsaslar işləyib hazırlamalıdır.

 

Müsavat İslamı mədəni irsimizin başlıca hissələrindən biri kimi dəyərləndirir. İslam dəyərlərinin öyrənilməsi və təbliği yolundakı bütün əngəllər aradan qaldırılmalıdır. Mütərəqqi ən’ənələrin, mədəni irsin saxlanması üçün İslam dünyası ilə əlaqələri bərpa edib genişləndirmək lazımdır.

 

Cəmiyyətdə hüquqi şüurun və hüquq mədəniyyətinin yüksəldilməsi başlıca məqsədlərimizdən biridir. “İmtiyaz – heç kəsə! Ədalət – hamı üçün!” prinsipi cəmiyyətdə bərqərar olmalıdır.

 

Cəmiyyətin ən ağır bəlalarından biri olan, ölkəmizin inkişafına böyük əngəl törədən korrupsiya və rüşvətlə mübarizənin kəsərli olması üçün onun haqqında ictimai rəyin dəyişdirlməsi Müsavatın mühüm vəzifələrindəndir. Rüşvət alma cəmiyyətdə çox ağır cinayət kimi, cəmiyyətin və dövlətçiliyin həyatına təcavüz kimi qiymətləndirilməlidir. İnsanlarda vətəndaş duyğusunun tərbiyəsi, ölkəmizin müstəqilliyi və təhlükəsizliyinə qayğı, insana və cəmiyyətə qəbul etdikləri qanunlara hörmət hissinin aşılanması, bir-birimizdən və dövlətdən həmin qanunlara sözsüz əməl etmək tələbi demokratik qüvvələrin mühüm vəzifələrindəndir.

 

Sağlam mənəviyyat, demokratik əxlaq, insan haqlarına hörmət və vətəndaş mövqeyi hüquqi dövlətin təməl daşlarıdır.

 

IV-5. İQTİSADİ İSLAHATLAR

 

Müsavat Partiyasının həyata keçirəcəyi iqtisadi islahatların ali məqsədi Azərbaycanın sosial-iqtisadi, siyasi, mə’nəvi, mədəni baxımdan dirçəlməsi və qüdrətli Azərbaycan dövlətinin yaradılmasıdır. İqtisadiyyatın tərəqqisi, azad bazarın yaradılması və bu əsasda ölkə vətəndaşlarının rifahının yüksəlişi, azadlığının tə’min edilməsi, demokratik institutların formalaşması, ali məqsədə aparan yollardır.  İqtisadi islahatlar ali məqsədə  nail olmağın yalnız bir vasitəsidir. “Nomenklatur kapitalizmindən xalq kapitalizminə” formulu iqtisadi islahatların son məqsədi sayılır.

 

Səmərəli bazar iqtisadiyatının formalaşması, təşəbbüskarlığa və işgüzarlığa yol açan sosial-iqtisadi institutların yaradılması qarşıya qoyulmuş məqsədlərə çatmaq yollarıdır. Bu məqsədlərə mərhələlərlə çatmağa yönəlmiş tədbirləri əvvəlki hakimiyyətdən bizə miras qalan əhalinin ağır sosial vəziyyəti, iqtisadiyyatın böhranlı, idarəetmənin yarıtmaz strukturu şəraitində həyata keçirmək lazım gəlir. Bu, azad bazar sisteminə keçidin daha da sürətləndirilməsini tələb edir. Bununla birgə yeni iqtisadiyatın formalaşdırılmasının miqyasları və ardıcıllığı müəyyən psixoloji, siyasi  və  social məhdudiyyətləri zəruri edir. İstehsalın hərtərəfli  himayə  edilməsi hökumətin daimi fəaliyyətinin başlıca yönüdür. Ölkənin strateji xammal, istehsal və elmi-texniki potensialının qorunub saxlanması vacibdir.

 

Bu model zəngin təbii ehtiyatlar fonunda insanları var gücü ilə işləməyə, son nəticədə ölkə vətəndaşlarının azad, firavan yaşamasına şərait yaradır. Bununla birgə dövlətin iqtisadiyyata müdaxiləsini vergi orqanları, banklar, müstəqil auditor təşkilatları həyata keçirir. Dövlət, səlahiyyətlərində olan vasitələrlə mənfi nəticələri müəyyən həddə saxlamaq, müsbət dəyişikliklərin baş verməsini sür’ətləndirməklə prosesi yönəldir. Ali icraedici hakimiyyətdəki paralellik aradan qaldırılır. İndiki nazirliklərin sayı mümkün qədər azaldılır.  Operativ idarəçilik sistemi yaradılır, bütün nazirliklərin fəaliyyəti ayrı-ayrılıqda qanunla müəyyən olunur. Onlar təsərrüfatların işinə müdaxilədən kənarlaşdırılır. Başlıca olaraq yönəldici baş təşkilata çevrilir. İslahatların aparılmasında aşağıdakı prinsiplər əsas tutulur:

 

–  özəl mülkiyyət azadlığı və mülkiyyət çoxnövçülüyü;

 

– təsərrüfat subyektlərinin sərbəstliyi və azad təşəbbüskarlıq;

 

– rəqabətli bazar mexanizmi ilə dövlət tənzimləməsinin keçid dövrünə uyğun sintezi;

 

– dövlətin iqtisadi təhlükəsizliyinin tə’min edilməsi.

 

Azad bazar sisteminə keçidə yönəldilmiş  islahatların ardıcıl inkişafı aşağıdakı yönlərdə hərəkət etməyi nəzərdə tutur:

 

– ixrac yönümlü istehsal və investisiya siyasəti həyata keçirməklə iqtisadiyyatın nizamlanması, yerli istehsalın himayə edilməsi və daxili bazarın qorunması, daxili və xarici iqtisadi fəaliyyət, təsərrüfat əlaqələri və qiymətlər üzrə inzibati məhdudiyyətlərin aradan qaldırılması;

 

– milli hesablar sisteminə keçməklə, uçot və hesabatı beynəlxalq standartlara uyğun qurmaqla makroiqtisadi göstəricilərin dəqiq müəyyənləşdirilməsi, sosialist makroiqtisadi tənzimləmə göstəricilərinin monetar və başqa tənzimləmə göstəriciləri ilə əvəz edilməsi;

 

– ölkədə işgüzarlıq fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş ilkin şərtləri formalaşdıran, Azərbaycanda ümumi ekvivalent və vahid qanuni ödəniş vasitəsi kimi manatın möhkəmləndirilməsini tə’min edən pul-kredit və maliyyə sisteminin sabitləşdirilməsi;

 

– əmək qabiliyyətli əhalinin yeni şəraitə uyğunlaşdırılması, keçid prosesində meydana çıxan neqativ hallardan sosial müdafiəyə ehtiyacı olan təbəqələrin müdafiəsi, vətəndaşların könüllü, fərdi əmanəti və işgüzarlıq fəaliyyəti üzrə rolunun artması əsasında iqtisadi artımın tə’min edilməsinə yönəldilmiş fəal sosial siyasətin aparılması.

 

Azad bazar sisteminə keçid şəraitində makroiqtisadi siyasətin mahiyyətinin əsasları  kimi liberallaşdırma  (qiymətlər, resursların bölgüsü və başqa təsərrüfat  münasibətləri  üzrə inzibati  nəzarətin aradan qaldırılması) və maliyyə sabitliyi çıxış edir. Ölkədə neft, neft-kimya, metallurgiya və maşınqayırma, hərbi sənaye, yeyinti və yüngül sənaye, əczaçılıq sənayesi və kənd təsərrüfatı prioritet sahələr kimi qəbul edilir.

 

Mülkiyyətdə struktur islahatları, o sıradan özəlləşdirmə  adi tədbir kimi deyil, yeni iqtisadi siyasət kimi (müəssisələrin satılmasından sağlamlaşdırılmasınadək olan dövrü əhatə etməklə) gerçəkləşdirilir.

 

İdxalı əvəz edən yerli istehsalın yaranması, təşkili və bərpası hesabına məhsul ixracına nail olunur. İstehsal potensialının genişləndirilməsi, onun texniki müasirləşməsinə nail olmaq üçün xarici kapitalın milli bazara cəlb edilməsinin kompleks sistemi formalaşdırılır, kapitalın sərbəst hərəkət formalarına üstünlük verilir. Xarici iqtisadi fəaliyyətə üçtərəfli-müvəkkil banklar, gömrük orqanları və xarici iqtisadi əlaqələr nazirliyi sistemi  ilə nəzarət etməklə, eləcə də strateji xammalların ixracını tənzimləmək və valyuta əməliyyatlarına normal nəzarət sistemi yaranması yolu ilə ölkəmizin iqtisadi təhlükəsizliyi tə’min edilir.

 

Aqrar bölmədə islahatlar istehsalın həlqə və pillələrində çalışanların psixologiyasını da əhatə etməklə, kənd təsərrüfatı istehsalının təşkili ilə bağlı bütün münasibətlərin  yenidən qurulmasını tə’min  edir. Bunun üçün:

 

– səmərəli idarəetməyə yol açan struktur dəyişiklikləri aparılır, kənd təsərrüfatı nazirliyi ancaq proqnozlaşdırıcı və tənzimləyici funksiya daşıyır, Dövlət Torpaq Komitəsinin torpaq islahatı ilə bağlı səlahiyyətləri və məs’uliyyəti artırılır, torpaq -ekoloji monitorinq və Dövlət Kadastr Xidməti orqanları yaradılır;

 

– dövlət mülkiyyətində qalan torpaqların hesabına özəl mülkiyyətə verilən torpaq payları artırılır, təsərrüfat sərbəstliyi tə’min edilir, sərbəst qiymətqoyma və satışın ayrı-ayrı formalarına həm hüquqi və icra şəraiti yaradılır;

 

– yeni təsərrüfatçılıq şəraitində ortaya çıxan bütün hüquqi şəxslərin qeydiyyat prosedurası sadələşdirilir, onların maliyyə tə’minatı və kənd təsərrüfatı texnikası ilə tə’min edilməsi üzrə ayrıca dövlət proqramı hazırlanır.

 

IV-6. SOSİAL QAYĞI

 

Sosial siyasətin başlıca məqsədi əhalinin əmək və təsərrüfat fəaliyyətinin stimullaşdırılması yolu ilə Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, hər bir əmək qabiliyyətli insana öz əməyi və qabiliyyəti sayəsində özünü və ailəsini maddi baxımdan təmin etməyə şərait yaradılmasıdır.

 

Bununla bərabər dövlətin təqaüdçülər, əlillər, çoxuşaqlı ailələr və əmək qabiliyyəti olmayan vətəndaşlar qarşısında sosial öhdəlikləri var. Sosial təminat əhalinin əsasən təminatsız yaşaya bilməyən bu təbəqəsinə göstərilir, məqsədli və ünvanlı xarakter daşıyır.

 

Keçid mərhələsində əmək bazarının sabit fəaliyyəti və sosial sferanın inkişafı üçün şəraitin yaradılması, uyğun maliyyə institutları (qeyri-dövlət sosial tə’minat, müxtəlif növ sığorta və pensiya fondları) vasitəsi ilə hökumətin sosial yükünün azaldılması ön plana çəkilir. Ümumiyyətlə, sosial tə’minat üzrə islahatlar üç səviyyədə və aşağıdakı prinsiplər əsasında qurulur:

 

I səviyyə (baza) – dövlət büdcəsi hesabına maliyyələşdirilən social tə’minat. Bunu dövlət tərəfindən minimum həyat səviyyəsini ödəyə biləcək məbləğdə əmək qabiliyyəti olmayan bütün vətəndaşlara verir. Uşaqlıqdan əlil və sair kimi ayrı-ayrı təqaüdçü kateqoriyaları üçün sosial təqaüdə xüsusi əlavələr də nəzərdə tutulur. Hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının işçilərinin də dövlət büdcəsi hesabına təqaüd almaq hüququ var.

 

II səviyyə (əsas) – dövlət pensiya fondu ya da müstəqil sığorta hesabına maliyyələşdirilən sığorta tə’minatı. Belə təqaüdlər qanunvericilikdə müəyyən edilmiş vahid normalar üzrə zəruri əmək (sığorta) stajı olan şəxslərə verilir.

 

III səviyyə (əlavə) – qeyri-dövlət pensiya fondları hesabına maliyyələşdirilən xüsusi (fərdi) təqaüdlər. Belə təqaüdlər bu fondlarla şəxsi sığorta müqavilələri bağlayan şəxslərə verilir.

 

Müsavat Partiyasının sosial siyasətinin əsası sosial qayğıdır. Bu məqsədlə aşağıdakı önəmli tədbirlərin həyata keçirilməsi zəruridir:

 

– dövlətin sosial qayğı ilə bağlı uyğun qanunlarının və qanunvericilik aktlarının qəbul edilib qüvvəyə minməsi;

 

– beynəlxalq meyarlar nəzərə alınmaqla əlillərin sosial müdafiə konsepsiyasının qəbul edilməsi. Konsepsiyada Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda əlil olanların somatik və psixi reabilitasiyasının tə’min edilməsi prinsipləri göstərilməli, onların fəal sosial həyata qayıdışının yolları araşdırılmalıdır;

 

– “minimum ehtiyac zənbili” müəyyənləşdirilməli, vətəndaşların şəxsi gəlirləri onların minimum yaşayış səviyyəsini təmin etməlidir;

 

– milli tariximiz, sənətimiz və elmimizlə bağlı hər bir səmərəli təklif və iste’dad nümunələrinə xüsusi qayğı göstərilməsi üçün uyğun dövlət orqanlarında işlək mexanizmin yaradılması;

 

– ana və uşaqların psixi və QİDS-li xəstələrin, eləcə də social müdafiə qayğılı başqa əhali qruplarının müalicəsində dövlət himayəsində olan xüsusi güzəştlərin müəyyən edilməsi;

 

– işsizliyin azaldılması məqsədilə yeni iş yerlərinin açılması;

 

– istehsalatda və istehlak zamanı əhalinin şəxsi təhlükəsizliyini təmin edə biləcək uyğun qanun və qanunverici aktların qəbul edilməsi.

 

IV-7. ETNİK SİYASƏT

 

Müsavat Partiyasının etnik siyasəti  bir torpağa, bir vətənə sahib olan şəxslərin Azərbaycan vətəndaşı adının  etnik, dini, dil və regional fərqlərin fövqündə dayanmasına əsaslanır.

 

Demokratik azadlıqların ardıcıl tərəfdarı kimi Müsavat etnik və dil azlıqlarının haqlarının beynəlxalq standartlar səviyyəsində təmin edilməsi tələbini müdafiə edir.

 

Biz ölkəmiz üçün ənənəvi olan etnik tolerantlığa, dostluğun qorunmasına və inkişafına tərəfdarıq.

 

Müsavat etnik münasibətləri tənzimləyən, etnik azlıqların hüquqlarını müəyyənləşdirən və onlara əməl olunmasına dövlət təminatı yaradan qanunların qəbul edilməsini sürətləndirməyi gərəkli sayır.

 

Biz hesab edirik ki, tarixən özünü doğruldan və doğru olan türkçülük prinsipinin bərpasından etnik azlıqların əsassız olaraq ehtiyatlanmasını aradan qaldırmaq üçün cəmiyyətdə izahat işi gücləndirilməlidir. Müsavatın Azərbaycanın siyasi-ideoloji fikrinə gətirdiyi Türkçülük və Azərbaycançılıq prinsipləri bir-birini inkar etmir, əksinə vəhdətdə olub bir-birini tamamlayır.

 

Müsavat xaricdən, eləcə də ölkənin daxilindən etnik və dini ziddiyyətlərin qızışdırılması cəhdlərinə qarşı həmişə qətiyyətlə mübarizə aparmış, bundan sonra da şovinizm, etnik ayrı-seçkilik, separatizm və etnik üstünlüyün bütün formalarına qarşı var gücü ilə mübarizə aparacaq.

 

 

 

IV-8. XARİCİ SİYASƏT

 

Müsavat Partiyası hesab edir ki, Azərbaycan Respublikasının xarici siyasəti ölkənin milli maraq və mənafeyinin maksimum qorunmasına xidmət etməlidir. Yaxın və uzaq ölkələrlə dostluq, mehriban qonşuluq münasibətləri beynəlxalq hüququn qəbul edilmiş normalarına əsaslanan bərabərhüquqlu, ikitərəfli və çoxtərəfli müqavilələrlə tənzim edilməlidir:

 

– İndiki geosiyasi durum Azərbaycanın Yeni Avropa Təhlükəsizlik Sistemində yer almasını və Avropaya inteqrasiyanın onun xarici siyasətində üstün xarakter almasını müəyyən edir;

 

– Azərbaycan Respublikası beynəlxalq və regional təşkilatların işində fəal iştirak etməlidir;

 

– Azərbaycan regionda sülh və sabitlik naminə, ABŞ-ın və Qərbin dəstəyini qazanmaqla birgə, Ukrayna – Azərbaycan – Gürcüstan – Türkiyə strateji tərəfdaşlığını möhkəmləndirməyə və genişləndirməyə çalışmalıdır;

 

– Azərbaycanın MDB-də iştirakı bu quruma daxil olan üzv dövlətlərlə, ilk növbədə Rusiya Federasiyası ilə birbaşa, ikitərəfli, bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərlə əvəz olunmalıdır;

 

– Azərbaycan Türk və İslam dünyasının tərkib hissəsi və tarixi üzvüdür. Ona görə də Azərbaycan Türk dünyası ilə hərətərəfli inteqrasiyasını artırmalı, müsəlman ölkələri ilə əlaqələrini daim genişləndirməli, milli, islami dəyərlərlə birgə demokratiya və insan haqlarının da türk və islam dünyasının ideoloji məfkurəsinin əsasını təşkil etməsinə çalışmalıdır;

 

– Azərbaycan Türkiyə ilə əlaqələrini ardıcıl genişləndirməli, bununla birgə Mərkəzi Asiya türk dövlətləri ilə sıx əlaqələrin yaradılması və inkişaf etdirilməsinə, onlarla iqtisadi inteqrasiyanın artırılmasına çalışmalıdır;

 

– Müsavatın tarixi Qafqaz Evi tarixi ideyası Azərbaycanın strateji maraqlarına cavab verdiyindən dövlətimizin xarici siyasətinin yönlərindən biri olmalıdır. Bunun gerçəkləşməsi üçün regionun dövlətləri, millətləri arasında sıx əlaqələr və əməkdaşlıq yaradılmalı, region dövlətlərinin istiqlalı, insan haqları və milli hüquqlar uğrunda mübarizə müdafiə edilməli, münaqişələr danışıqlar yolu ilə həll edilməlidir.

 

IV-9. TƏHSİL, ELM, MƏDƏNİYYƏT.

 

Keçid dövrünün çətinlikləri ilə bağlı olaraq ən çox problemlərlə üzləşən sahələr elm, təhsil və mədəniyyətdir. Qeyri – istehsal sahəsi olan, ancaq istehsal sahəsinin hərəkətverici qüvvəsi sayılan, insanın varlığının, yaşamasının, elmi – mədəni səviyyəsinin, professional hazırlığının məhz bu sahələrlə bağlı olduğunu nəzərə alsaq, keçid dövründə Azərbaycan dövləti maliyyə ehtiyatlarını toplayıb var olanların dağılmaması üçün ciddi tədbirlər görməlidir. Bütövlükdə humanitar sahənin tamamilə dövlət dotasiyasına bağlı olmasına Azərbaycan Respublikasının büdcəsi imkan vermədiyindən bir sıra sahələrdə islahatların keçirilməsi qabağa çəkilməli, başqalarında isə tələsgənliyə yol verilməməlidir.

 

– Keçid dövründə təhsildə sahəsində islahatlar daha çox təhsilin məzmununu, təhsil formalarını əhatə etməlidir. İslahatlar başlıca olaraq keyfiyyətsiz kütləvi kadr hazırlığını ölkəyə gərəkli olan sahələrdə zəruri sayda səmərəli kadr sistemi hazırlanması ilə əvəz etməyə yönəlməlidir. Geniş miqyaslı köklü islahatların aparılmasına çox vəsait tələb olunduğundan keçid dövründə bu cür islahatlardan çəkinməli, maliyyə imkanlarını müəllim və təhsil işçilərinin maddi vəziyyətlərini yaxşılaşdırmağa, mövcud maddi – texniki bazanın qorunub saxlanılmasına, yeni dərslik və dərs vəsaitlərinin çap edilməsinə yönəltmək gərəkdir.

 

Bununla belə pərakəndə şəkildə olsa da, aparılmış islahatların dönməz xarakter alması üçün dövlət özünün nəzarətçi – tənzimləyici funksiyasının tormozlayıcı vasitəyə çevrilməsinə yol verməməlidir.

 

– Sovet təhsil sisteminin müsbət cəhətlərini, maddi – texniki bazasını qoruyub saxlamaq və müasirləşdirməklə birgə təhsilin məzmunu milli, bəşəri dəyərləri gəncliyə aşılamaqla onların azad şəxsiyyət, azad vətəndaş kimi tərbiyə olunmasına yönəldilməlidir. Başlıca yön təsərrüfatda  çalışacaq orta ixtisaslı mütəxəssislərin yetişdirilməsi olmalıdır;

 

– Azərbaycan elminin mövcud potensial və perspektivləri bütünlüklə ölkənin real problemlərinin həllinə yönəldilməli, onun maliyyələşdirilməsi yolları geniş müzakirə edilərək araşdırılmalı, maliyyə qaynaqlarının tapılması və əldə olunan vəsaitin tə’yinatı üzrə xərclənməsinə ciddi dövlət nəzarəti olmalıdır. Dövlət uzunmüddətli, strateji xarakter daşıyan fundamental elmi proqramları maliyyələşdirməklə yanaşı tez, real nəticə verə biləcək elmi proqramlara da xüsusi diqqət yetirməlidir;

 

– Elmi müəssisələrin büdcəsindən səmərəli istifadə hüququ onların öz ixtiyarına verilməli və mərkəzləşmədən azad edilməlidir. Effektiv elmi fəaliyyət qabiliyyəti və hazırlığı olmayan, elmi müəssisələrin artıq yük olan kadrlardan təmizlənməsi ixtiyarı müəssisənin rəhbərliyinə verilməlidir;

 

– Mədəniyyət çox geniş bir sahə olduğundan keçid dövründə onun əhatə etdiyi yarımsahələrin özəllikləri nəzərə alınmaqla siyasət aparılmalıdır;

 

– Mövcud kütləvi kitabxanaların qorunub saxlanılmasına dövlət büdcəsindən xüsusi vəsait ayrılmalıdır;

 

– Klubların, istirahət ocaqlarının, parkların saxlanılmasına dövlətin maddi imkanı olmadığından onların yalnız öz istiqamətində fəaliyyət göstərəcəklərinə tə’minat alındıqdan sonra  özəlləşdirilməsinə imkan vermək lazımdır;

 

– Keçid dövründə idmançıları, ayrı-ayrı idman növləri üzrə məktəb və ən’ənələri qorumaq dövlətin diqqət mərkəzində olmalıdır. İdmanın bütün problemlərinin yükünü dövlətin çəkə bilməsi üçün imkan olmadığından yalnız görkəmli idmançıların məişətdə bir sıra imtiyazları olmasına, idmançıların xüsusi, önəmli beynəlxalq yarışlarda iştirakının maddi baxımdan tə’min edilməsinə çalışmaq lazımdır. İdmana dair problemlərin həlli üçün əhalinin və ayrı-ayrı şəxslərin, beynəlxalq təşkilatların yardımının səfərbər edilməsi keçid dövründə dövlətin başlıca qayğısı olmalıdır;

 

– Mədəniyyət abidələrinin qorunması, muzeylərin saxlanılması üçün dövlət ciddi tədbirlər görməlidir. Bu obyektlərin şəxsi, biznes məqsədləri üçün istifadəsinə qarşı qanunların bütün gücü ilə mübarizə aparılmalıdır;

 

– Dövlət teatrları ilə yanaşı özəl – teatrların yaradılması və yaşamasına  dövlət hər cür şərait yaratmalı, yardım etməlidir;

 

– Yeni filmlərin çəkilməsinə üçün vəsait tapılmalı, kinonun gəlir gətirən bir sahəyə çevrilməsi üçün azad yaradıcılıq mühitinin və şəraitinin yaradılması önə çəkilməlidir;

 

– Cəmiyyətin mədəni – mənəvi həyatında yaradıcı şəxslərin, mədəniyyət xadimlərinin rolu böyük olduğundan onlara xüsusi münasibət göstərilməlidir. Yaradıcı adamlar dövlətin siyasi və ideoloji sifarişlərini ödəməklə maddi tə’minat və karyeralarını qazanmaq psixologiyasından qurtarmalı, dövlət isə sifarişçi, nəzarətçi olmaq funksiyasından əl çəkməlidir. Dövlət yaradıcı şəxsiyyətin iste’dadının üzə çıxmasına maneələri aradan qaldırmalı, onun qanunlarla təsbit olunmuş hüquqlarının tə’minatçısı olmalıdır;

 

– Özəl nəşriyyatların qurulması, ayrı-ayrı yaradıcı şəxsiyyətlərin xüsusi məktəblərini yaratması üçün dövlətin qayğı və himayədarlığı lazımdır. Lakin himayədarlıq birbaşa fiziki şəxslərə deyil, həmin şəxslərin yetişməsi lazım gələn şəraitə (yardımçı qurğulara, avadanlıq və alətlərin alınmasına və s.) yönəlməlidir. Burada aşağı faizli və uzunmüddətli kreditlərin ayrılması sərfəli olar. Dövlət bu kreditlərin təyinatı üzrə xərclənməsinə nəzarət etməlidir.

 

 

 

  1. MÜSAVATIN FƏALİYYƏT PRİNSİPLƏRİ VƏ METODLARI

 

Siyasi partiya olaraq Müsavat məqsədlərini həyata keçirmək üçün hakimiyyətə sahib olmaq niyyətindədir. Ancaq hakimiyyət Müsavat və müsavatçılar üçün məqsəd yox, proqram məqsədlərini gerçəkləşdirmək yoludur.  Müsavat Partiyası bir daha bəyan edir ki, o, hakimiyyətə zor, inqilablar, çevrilişlər yolu ilə deyil, xalqın inamını qazanaraq azad və ədalətli seçkilər yolu ilə gəlmək fikrində və gücündədir.

 

Müsavat Partiyası ölkədə keçirilən bütün seçkilərdə iştirakı yalnız hakimiyyətə gəlmək kimi deyil, eləcə də Azərbaycanda demokratik seçki ənənələrini formalaşdırmaq və inkişaf etdirmək baxımından zəruri sayır. Seçkilərdə iştirak və demokratik yolla  mübarizənin xalqın, eləcə də partiya üzvlərinin seçki təcrübəsi toplamasında, mübarizə vərdişləri qazanmasında önəmli əhəmiyyəti var. Müsavat Partiyasına görə, seçkilərin azad və ədalətli keçirilməsinin təminatı üçün mükəmməl hüquqi baza yaradılmasına bağlıdır. İndiyədək qəbul olunan, eləcə də bundan sonra qəbul olunacaq seçkiylə bağlı qanunlar demokratik prinsiplərə uyğun olmalı, ayrı-ayrı beynəlxalq mütəxəssis və təşkilatların ekspertizasından keçməlidir.

 

Seçkilərin keçirilməsində seçki komissiyası üzvlərinin, vəzifəli şəxslərin, ayrı-ayrı vətəndaşların məsuliyyətini artırmaq üçün ayrıca “Seçkilərdə qanun pozuntularına görə məsuliyyət haqqında Qanun”un qəbul edilməsi vacibdir. Ölkəmizdə hələlik yetkin hüquqi bazanın, vərdiş və təcrübənin olmaması, seçkiləri saxtalaşdırmaq ənənəsinin kök saldığı şəraitdə Azərbaycandakı seçkilər BMT, ATƏT və başqa beynəlxalq, milli-demokratik təşkilatlardan gələn müşahidəçilərin geniş iştirakı ilə aparılmalıdır.

 

Müsavat belə hesab edir ki, illərlə totalitar rejimdə yaşamış insanlarla demokratik dövlət qurmaq çətin olsa da, mümkündür. Proqram və bəyannamələr yazmaqla, qanunlar qəbul etməklə dövlət demokratik olmur. Demokratiya yaşayış tərzidir. Ona görə də cəmiyyətdə demokratik ənənələr formalaşmazsa, insanlar demokratiyanı özbaşınalıq kimi qəbul edib ondan üz döndərə bilər. Partiya üzvləri demokratik ənənələrə hörmət etməli, onların təbliği, izahı, inandırılması yolu ilə, şəxsi nümunə göstərməklə bu ənənələrin özünə möhkəm yer tutması uğrunda çalışmalıdır.

 

Yalnız demokratik idealların təbliği, başqasının fikirlərinə hörmət və diqqət göstərib, açıq müzakirələrdə onu inandırmaq yolu ilə insanları demokratiyaya alışdırmaq olar.

 

Demokratik maarifçiliyə, demokratik idealların təbliğinə, demokratiya nəzəriyyəsinə, zorakılığın pislənilməsinə ali və orta təhsil sistemində ayrıca diqqət yetirilməlidir. Ölkədə demokratiyanın təbliği və inkişafı ilə bağlı dövlət proqramının işlənib hazırlanması zəruridir.

 

Son illərin təcrübəsi göstərir ki, uzun illər sərt dövlət inzibatçılığına və mərkəzləşdirilmiş iqtisadiyyata bağlı  cəmiyyətdə islahatçı ideyalar özünə çətinliklə yer tapır. Mühafizəkar, sosialist iqtisadiyyatının bəhrəsini dadan bir ovuc qüvvələr birləşərək hələlik o qədər də uğur gətirməyən yeniliklərin faciəvi gələcəyi barədə fikirlərlə xalqı qorxudur, iqtisadiyyatı dağıdır, özbaşınalıq edir, bazar iqtisadiyyatına, yeni iqtisadi sistem və dəyərlərə inamsızlıq yaradırlar.

 

Müsavat bu inamdadır ki, ölkədə olan islahatçı-demokratik qüvvələrin birliyi əldə olunarsa, ölkənin bütün sahələrində yeniliyin dönməz xarakter almasına əsaslı yardım göstərmək olar. Bunun üçün siyasi partiyalarla birgə, heç bir siyasi quruma qoşulmayan islahatçı mütəxəssislərin təşkilatlanmasına yardım etmək, onların fəaliyyəti, qanunvericilik təşəbbüsü ilə çıxış etmələrinə şərait yaradılmalıdır.

 

İslahatçı – demokratik qüvvələr iki yöndə çalışmalıdır:

 

1) islahatların həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması yönündə;

 

2) qəbul edilmiş qanunların icrası zamanı qarşıya çıxan və ya da yaradılan süni maneələri aradan qaldırma mexanizmlərinin işlənib hazırlanması yönündə.

 

İslahatlar ümummilli məsələ olduğundan burada ümummilli razılığın əldə olunması çox gərəkli və önəmlidir.

 

“Milli təsanüd” Müsavatdan tələb edir ki, islahatçı qüvvələrin koalisiyasını yaratmaqla müxtəlif mənafeləri olan sosial təbəqələrin əməkdaşlığı və qarşılıqlı anlaşmaları üçün ortaq dəyərlərin tapılması işində aparıcı olsun.

 

Müsavat məqsədlərinin həyata keçirilməsində əhalinin bütün təbəqələrinə arxalanır, Müsavat inanır və ümid edir ki, çağdaş  Azərbaycanın qurulmasında başlıca qüvvə gənclər olacaq, hüquqi, demokratik Azərbaycan dövlətinin azad, xoşbəxt vətəndaşları olacaq gənclər onun qurulması və inkişafı üçün bütün güc və bacarıqlarını toplayıb bu mübarizənin önündə gedəcəklər. Odur ki, Müsavat müstəqil və bütöv Azərbaycan ideallarına sadiq, demokratik düşüncəli, yüksək ixtisaslı gənclərin tərbiyəsinə xüsusi diqqət yetirəcək.

 

Müsavat bu düşüncədədir ki, demokratik quruluşun təməli ilk növbədə yüksək mənəviyyatlı, şüurlu insandır. Fərdi psixologiyanı eləcə də bütövlükdə ictimai psixologiyanı yeniləşdirmək çətin işdir. Ancaq Müsavata görə, millətin başqa yolu yoxdur. Vətənimizin çiçəklənməsi mənəvi oyanış, vətəndaşlıq duyğularının güclənməsi, şəxsi və siyasi azadlıqlar, qanunun aliliyi, praqmatizm, özünüidarə yolunda gerçəkləşəcək.

 

Müsavat azadlığı insan üçün ən ali dəyər sayır. Şəxsi azadlıq əqli inkişaf və uğurlu yaradıcılığın təməlidir. Ona görə də Müsavat hər bir Azərbaycan vətəndaşının şəxsi azadlığına təminat verilməsinə çalışır və onu milli yüksəliş üçün zəruri şərt hesab edir.

 

Müsavat belə hesab edir ki, insanların  şəxsi təşəbbüsləri ilə yaşadıqları cəmiyyətə tə’sir göstərə bilmək imkanı və hüququnun olması demokratiyanın başlıca prinsipidir. Şəxsi təşəbbüskarlığa yol verilmədən ölkəni irəli aparmaq olmaz. Ona görə də vətəndaşlara həyatlarını yaxşılaşdırmaq, cəmiyyətin və dövlətin həyatında yaxından iştirak etmək imkanı verilməli, onlarda öz talelərinin və Vətənin sahibi olmaq arzusu aşılanmalıdır.

 

Demokratik özünüidarəedən cəmiyyət olmadan hüquqi dövlət yoxdur. Demokratik hüquqi dövlətin yolu yalnız mülki cəmiyyətin inkişafındankeçir. Müsavat bu inkişafa yardımı özünün başlıca vəzifələrindən sayır.

 

Müsavat demokratik ideallara söykənmiş cəmiyyət quruculuğunda başlıca yeri xalq hərəkatlarına, ictimai təşkilatlara və digər özünüidarə özəklərinə verir. Dövlət idarəetməsi cəmiyyətin hazır olduğu hər bir sahədə yerini cəmiyyətin idarəsinə verməlidir.

 

Müsavat dövlət üzərində Vətəndaş nəzarətini ədalətli və səmərəli dövlət fəaliyyətinin başlıca təminatlarından sayır. Müsavat kütləvi informasiya vasitələri, müstəqil məhkəmə və parlament deputatları vasitəsilə həyata keçirilən Vətəndaş nəzarətinə imkan verən qanunların qəbuluna çalışacaq.

 

Müsavat bir daha bəyan edir ki, məqsədlərinin həyata keçirilməsində bizə miras qalmış totalitar irslə ardıcıl mübarizə aparacaq, bu sahədə uyğun proqramlar və qanunverici aktlar qəbul edilməsinə çalışacaq, demokratiya və hüquqa əsaslanacaq, şəxsi təşəbbüsə meydan verəcək, əhalinin bütün təbəqələrinin mənafeyini nəzərə alacaq, siyasətində aşkarlığı, ədalətliliyi, həqiqətsevərliyi, məsuliyyət, aktivlik və təmkini üstün tutacaq.