Tarixi

Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya İmperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.

Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan “Açıq söz” qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə “Türk ədəbi dili ilə” çap olunan ilk mətbu orqandır.

Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan M.Ə. Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.

Müsavat Partiyasının I qurultayı

1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək “Türk Ədəmi-mərkəziyyət Firqəsi Müsavat”ın əsasını qoymuşlar. Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək bu şəhərdə yerlməşmişdir.

Müsavatın ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, “İsmailiyyə” binasında keçirilib.

125 deputatlıq Zaqafqaziya Seymində Müsavat 30 deputatla təmsil olunub.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə M.Ə. Rəsulzadə seçildi.

1918–1920-ci illərdə dövlət quruculuğu prosesində, Parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.

1919-cu ildə partiyanın ikinci qurultayı keçirilib.