- +994124474375
- [email protected]
Müsavat Partiyasının bayrağı mavi rəngdədir. İlk dəfə 1919-cu ildə Partiyanın II qurultayında bayrağın bu rəngdə olmağı qəbul edilib. Mavi bayraq bir zamanlar Elxanilər dövründə (XIII əsrdə) Azərbaycan torpaqları üzərində dalğalanıb. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi.
Müsavat Partiyanın embleminin müəllifləri rəssamlar Elçin Məmmədov və Tərlan Qorçiyevdir. Emblemdəki Müsavat sözünün baş hərfi olan “M” qoşa dağ şəklində təqdim olunur. Arxadakı dağ qara rəngdədir. Qara dağ Türklər üçün əhəmiyyətli simvollardan biridir. Öndəki dağ isə Müsavatın simvolu olan mavi rəngdədir. “M” hərfinin strukturu, qoşa dağın görünüşü tarazlıq ideyasını ifadəli göstərir. Tarazlıq ideyasından isə Müsavatın əsas prinsiplərindən birinə – Milli Təsanüdə çıxışdır. Çünki Təsanüd həm də müxtəlif sosial təbəqələrin mənafelərində tarazlaşdırma nöqtələri tapmaqdır.
Bayrağına göy qurşağı göy rəngini verdi,
Bayraqdan uca təkcə bir Allahdı, Müsavat!
İllər boyu gah meydana, gah zindana girdin,
Zalım elə bildi daha dustaqdı Müsavat!
Əsdi qara yellər başın üstündə, çox əsdi,
Kəsdi qara yellər, sənin haqq yolunu kəsdi,
Amma nə oraq biçdi səni, nə çəkic əzdi,
Sümbül kimi bir də dikəlib, qalxdı Müsavat!
Dünya bulanıb bir durulan vaxt olacaqdı,
Zalımlara divan qurulan vaxt olacaqdı,
Sənsiz bu Vətən torpağı bədbaxt olacaqdı,
Sənsən bu Vətən torpağının baxtı, Müsavat!
Bəsdir bəzədik çölləri başdaşlarımızla,
Bəsdir suladıq gülləri göz yaşlarımızla,
Dar gündə tutaq əl-ələ qardaşlarımızla,
Dərdi-qəmi boğ, gün kimi doğ, vaxtdı Müsavat!
Müsavatın himni 25 oktyabr 1997-ci il tarixdə partiyanın V (Proqram) Qurultayında qəbul olunub.
Müsavat Partiyası – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur.