Partiya Məclisi

Mühüm məsələlərin müzakirəsi və həlli üçün Məclisin qərarı ilə partiyadaxili referendumlar keçirilə bilər. Bu referendumun nəticələri Məclisdə təsdiq olunduqdan sonra referendumun qərarı Qurultayın qərarı səlahiyyətindədir.
 
Qurultaylararası dövrdə partiyanın bütün fəaliyyətinə Məclis rəhbərlik edir. Məclis partiyanın rayon (şıhır), Naxçıvan MR, Qadınlar, Gənclər və digər xüsusi statuslu təşkilatlarının sədrlərindən, onların sayından çox olmamaqla Qurultay tərəfindən seçilmiş üzvlərdən ibarətdir. Partiyanın Başqanı Məclisin üzvüdür.
 
 Məclis Qurultayın bu Nizamnamədə göstərilən səlahiyyətlərinə aid məsələlərdən başqa partiyanın fəaliyyətinə dair bütün məsələləri həll edir. 
 
Məclis üç ayda bir dəfədən az olmayaraq Divan tərəfindən çağırılır. Növbədənkənar iclaslar Divanın, MNTK-nın və ya Məclisin sədrinin, yaxud Məclis üzvlərinin 1\5-nin, yaxud da rayon (şəhər) təşkilatlarının 1\10-nin təşəbbüsü ilə 1 həftə ərzində Divan tərəfindən çağırılır.
 
Məclis: – öz üzvləri arasından Divan üzvlərini, Məclisin sədrini, katibini və komissiya sədrlərini seçir, Başqanın təqdimatı ilə (təqdimat qəbul edilməyibsə, təqdim olunan şəxs həmin vəzifəyə təkrar təqdim olunmamaqla) Başqanın müavinlərini təsdiq edir; – rayon (şəhər) təşkilatlarında yeni seçilən sədrlərin Məclis üzvü səlahiyyətini təsdiq edir; – seçkili mərkəzi orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir; – Qurultayda seçilmiş şəxslər ciddi Nizamnamə pozuntusuna yol verdikdə onları Məclis üzvlərinin ümumi sayının yarıdan çoxunun razılığı ilə müvafiq seçkili orqanlardan xaric edir və Qurultayın səlahiyyətinə aid orqanlara eyni qayda ilə müvəqqəti seçkilər keçirir; – seçkili hakimiyyət orqanlarına namizədlər göstərir; – partiyanın mərkəzi aparatının strukturunu və ştat cədvəlini təsdiq edir; – Məclisin komitə və komissiyalarını yaradır və onlar haqqında əsasnamə qəbul edir. Məclis partiyanın mətbuat orqanlarını və digər kütləvi informasiya vasitələrini təsis edə bilər.
 
 Məclis öz səlahiyyətlərinin müəyyən hissəsini Divana həvalə edə bilər.
 
 Məclisin iclasları arasındakı dövrdə partiyanın fəaliyyətinə Divan rəhbərlik edir. Divan partiyanın Başqanından, Məclisin sədrindən və Məclisin müəyyən etdiyi sayda digər üzvlərdən ibarət olub Məclisin müstəsna səlahiyyətlərinə aid məsələlərdən başqa bütün məsələləri həll edir. Divanın iş qaydasını onun özü müəyyən edir.